CƏMİYYƏT
Akademik Zərifə Əliyevanın fəaliyyəti müasir oftalmoloqlar üçün bir nümunədir
Bakı, 28 aprel, AZƏRTAC
Akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar aprelin 28-də Bakıda “Oftalmologiyanın problemləri və son nailiyyətləri” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.
Akademik Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində davam edən tədbirdə görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışılıb.
Konfransın açılışında çıxış edən mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu Elmar Qasımov bildirib ki, tibb elmində böyük xidmətləri olan Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu isə xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş Zərifə xanım Əliyevaya xalqımızın dərin hörmətinin ifadəsidir. “Zərifə xanımın elmi fəaliyyətinin istiqamətləri öz aktuallığını itirməyib və müasir oftalmoloqlar üçün çox faydalıdır. Azərbaycan oftalmologiyasının bugünkü inkişafı kilinik və elmi baxımdan Zərifə xanımın adı ilə bağlıdır və onun elmi istiqamətlərinin tərkib hissəsidir. O, Azərbaycan oftalmologiyasını bütün dünyada tanıdıb, dünyanın məşhur oftalmoloqlarının hörmətini qazanıb. Zərifə Əliyevanın fəaliyyəti müasir oftalmoloqlar üçün bir nümunədir və onun xatirəsi həmişə qəlbimizdə uca tutulacaq", - deyə E.Qasımov bildirib.
Böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran görkəmli alimin əvəzsiz xidmətlərini xüsusi qeyd edən mərkəzin direktoru deyib ki, o, ötən əsrin 40-50-ci illərində Azərbaycanın cənub rayonlarında əhali arasında geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan bütün mübarizə tədbirlərində fəallıq göstərib. Bu böyük praktiki iş Zərifə xanım Əliyevanın bir sıra elmi əsərlərinin əsasını yaradıb. Sonralar böyük alim sənaye müəssisələri işçilərində görmə üzvünün peşə zərərləri təsiri nəticəsində zədələnmələrinin öyrənilməsi ilə ciddi məşğul olub. Peşə xəstəlikləri ilə bağlı elmi axtarışlarına görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Diqqətə çatdırılıb ki, Zərifə xanım Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparıb. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır.
Mərkəzin elmi işlər üzrə direktor müavini Hicran Namazova bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən söz açıb. Vurğulanıb ki, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olub. Onun xidmətlərindən biri də budur ki, Azərbaycana Prezident İlham Əliyev kimi lider bəxş edib.
Konfransın elmi hissəsi mövzuya dair məruzələrlə davam etdirilib.