REGİONLAR
Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu kamillik və müdriklik məktəbidir
Astara, 28 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 28-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik, bənzərsiz ziyalı Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə akademik Zərifə Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla anıb, görkəmli alimin ömür yolundan bəhs edən videoçarxa baxıblar.
Toplantıda çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova bildirib ki, dünya oftalmologiya elminə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.
Sonra Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədovanın akademik Zərifə Əliyevanın anadan olmasının ildönümü ilə bağlı məruzəsi dinlənilib.
Görkəmli alimin keçdiyi şərəfli ömür yolundan danışan məruzəçi deyib: “Zərifə xanımım ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl və vəfalı ömür-gün yoldaşı olub. Onun özündən sonra qoyduğu yol bu gün tələbələri, yaxınları tərəfindən layiqincə davam etdirilir”.
Bildirilib ki, akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzi bu gün qabaqcıl tibb müəssisəsi kimi dünya miqyasında tanınır. Zərifə xanımın adına layiq elmi və praktiki işlər həyata keçirən Mərkəz ölkəmizin cənub bölgəsində də geniş fəaliyyət göstərir.
Tədbir iştirakçıları vaxtilə traxoma xəstəliyinin yayıldığı bir dövrdə Zərifə Əliyevanın dəfələrlə cənub bölgəsinə gələrək humanitar aksiyalar təşkil etdiyini də minnətdarlıqla xatırlayıblar.
Toplantıda çıxış edənlər akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən söhbət açıb, böyük alimin əvəzsiz xidmətlərini yüksək dəyərləndiriblər.