REGİONLAR
Akademik Zərifə Əliyevanın xatirəsi Şirvanda yad olunub
Şirvan, 29 aprel, Mahir Babayev, AZƏRTAC
Şirvan Müalicə Diaqnostika Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti nümayəndələrinin, səhiyyə işçilərinin iştirak etdikləri tədbirdə görkəmli alimin zəngin və mənalı həyat yolundan, elmi fəaliyyətindən söhbət açılıb.
Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov çıxış edərək Zərifə Əliyevanın elmi əsərlərinin Azərbaycan tibb elminə əvəzsiz töhfə olduğunu bildirib. Qeyd edib ki, o, həm də sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana kimi hamı üçün örnəkdir.
Şəhər mərkəzi xəstəxanasının baş həkimi Fərhad Səfərov Zərifə Əliyevanın müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatlarından, əldə etdiyi uğurlardan və onun yüksək mənəvi keyfiyyətlərindən danışıb.
Bildirilib ki, alimin şəfalı əlləri minlərlə insanın gözünə işıq verib. Qeyd olunub ki, gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki orijinal kəşflərinə görə Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.Averbax adına yüksək mükafata layiq görülən ilk alim qadın idi.
Digər çıxış edənlər də Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıblar, akademikin yaratdığı fundamental əsərlərin Azərbaycan tibb elmi tarixinə parlaq səhifələr kimi yazıldığını qeyd ediblər. Diqqətə çatdırılıb ki, Zərifə xanım fitri istedada malik novator alim, pak və nəcib insan, gözəl ana kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün nümunədir.
Tədbir alimin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.