REGİONLAR
Akademik Zərifə Əliyevanın xatirəsi insanların qəlbində yaşayır və daim əziz tutulur
Qəbələ, 29 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ Müalicə Diaqnostika Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qəbələ Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Ceyhun Əhmədov akademik Zərifə Əliyevanın zəngin həyat yolundan, pedaqoji və tibbi fəaliyyətindən danışıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, həyat fəlsəfəsi və mənəvi dünyası kifayət qədər zəngin olan, oftalmologiya elminin inkişafında xüsusi xidmətlər göstərmiş akademik Zərifə xanım Əliyevanın xatirəsi bu gün də insanların qəlbində yaşayır və əziz tutulur. Zərifə xanım bir çox nüfuzlu elmi mükafatların, o cümlədən SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatını almış ilk azərbaycanlı olub.
Tədbirdə çıxış edən oftalmoloq həkim Şirəli Sadıqov, həkimlərdən Səbinə Məmmədova və başqaları Zərifə xanım Əliyevanın öz parlaq elmi fəaliyyəti ilə tarixin yaddaşına əbədi həkk olunduğunu, eyni zamanda, onun ibrətamiz bir həyat yolu keçdiyini vurğulayıblar.