REGİONLAR
Akademik Zərifə Əliyevanın zəngin elmi irsi Azərbaycan tibb elminin parlaq bir səhifəsini təşkil edir
Ağstafa, 27 aprel, Famil Quliyev, AZƏRTAC
Aprelin 27-də Ağstafa Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova çıxış edərək, akademik Zərifə Əliyevanın oftalmologiyanın aktual problemlərinə həsr olunmuş tədqiqatlarından danışıb. Qeyd olunub ki, Zərifə xanım Əliyeva fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, о cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması istiqamətində dəyərli elmi araşdırmalar aparıb. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri də gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilib. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun bir sıra monoqrafiyalarında geniş və ətraflı şəkildə əksini tapıb. Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə həyata keçirdiyi tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dəyərli dərs vəsaiti və monoqrafiyalarda cəmləşib.
Çıxışlarda bildirilib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq bir səhifəsini təşkil edir.