CƏMİYYƏT
Akademik Zərifə xanım Əliyevanın xatirəsi Dövlət Sərhəd Xidmətində yad edilib
Bakı, 28 aprel, AZƏRTAC
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətində (DSX) anım tədbiri keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin qadın hərbi qulluqçuları Fəxri xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.
Mərasimin rəsmi hissəsində çıxış edənlər görkəmli alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan, tibb elminin inkişafındakı misilsiz xidmətlərindən danışıblar. Zərifə xanım Əliyevanın övladları üçün qayğıkeş ana, Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sadiq dostu, silahdaşı, ən ali insani keyfiyyətləri özündə birləşdirən ziyalı, fundamental elmi tədqiqatları ilə oftalmologiyanın inkişafına və dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim olması qeyd edilib.
Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbi olduğu, yüksək daxili mədəniyyəti, elmə sədaqəti, gördüyü işlərlə qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağı xüsusi vurğulanıb.
Tədbirin sonunda “Heydər Əliyev. Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.