SİYASƏT
Akademik Zərifə xanım Əliyevanın xatirəsi Ukraynanın İrpen şəhərində anılıb
Bakı, 29 aprel, AZƏRTAC
Kiyev vilayətinin İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan parkda görkəmli oftalmoloq alimin xatirəsi anılıb. Xatırladaq ki, bu park SOCAR-ın Ukraynadakı nümayəndəliyi tərəfindən salınıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlar arasında Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətli, Milli Məclisin deputatı Elmira Axundova, Ukrayna Ali Radasının deputatı Roman Nəsirov, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, İrpen şəhərinin meri Vladimir Karplyuk, Ukraynada Azərbaycan gəncləri təşkilatlarının və diasporunun nümayəndələri olublar.
Mənəvi dəyərlərimizi dəstəklədiyinə və Azərbaycan icması ilə həmrəy olduğuna görə şəhər rəhbərliyinə təşəkkür edən Elçin Məmmədov deyib: “Bizim İrpen şəhərində saldığımız park Zərifə Əliyevanın qəlbini və xeyirxahlığını assosiasiya edir”.
Həmin gün İrpendə xarici dillərin öyrənilməsi üzrə ixtisaslaşmış 12 saylı orta ümumtəhsil məktəbinə Zərifə Əliyevanın adının verilməsinə həsr olunmuş mərasim keçirilib.