CƏMİYYƏT
Akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib
Bakı, 25 aprel, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 251 nömrəli tam orta məktəbdə Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Qaranlığa nur saçan zəka” adlı ümumrayon tədbiri keçirilib.
AZƏRTAC rayon icra hakimiyyətinin saytına istinadla xəbər verir ki, tədbirin əvvəlində Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra 251 saylı tam orta məktəbin direktoru Aygün Əzizova 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyevanın gözəl ana, vəfalı ömür-gün yoldaşı, insani keyfiyyətləri, eləcə də oftalmologiyaya böyük töhfələr vermiş görkəmli alim kimi keçdiyi həyat yolundan bəhs edib.
Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Zərifə xanım Əliyevanın yüksək mənəvi keyfiyyətləri, dərin intellekti, tibb elmində novator alim kimi xüsusi yeri olduğu barədə danışıb, Azərbaycan qadınına xas olan bütün nəcib keyfiyyətləri özündə cəmləşdirdiyini və həkim kimi xəstələrinə təmənnasız sevgi bəslədiyini qeyd edib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ləyaqətli ömür yaşayan Zərifə xanımın nurlu obrazının yüksək vətənpərvərlik və humanizm rəmzi olduğunu, onun parlaq xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib.
Tədbirdə Zərifə xanım Əliyevanın həyatı və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub və məktəblilər “Qaranlığa nur saçan zəka” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.