ELM VƏ TƏHSİL
Akademiyada DAAD proqramının təqdimatı olub
Bakı, 14 fevral, AZƏRTAC
Martın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) proqramına dair təqdimat keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə DAAD-ın Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo DAAD-ın dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsini dəstəkləyən ən böyük təşkilatlardan olduğunu söyləyib. Qeyd edilib ki, 1925-ci ildən fəaliyyət göstərən təşkilatın əsas vəzifəsi tələbə, doktorant və elm adamlarının mübadiləsi vasitəsilə xarici ölkələrlə akademik münasibətlərin qurulmasıdır.
Tədbirdə DAAD-ın xarici ölkələrdəki büro və məlumat mərkəzlərindən ibarət şəbəkəsinin fəaliyyətindən və təqdim etdiyi xidmətlərdən danışılıb. DAAD-ın bakalavr, magistrant, doktorant və təcrübəli tədqiqatçılar üçün Almaniyanın ali təhsil müəssisələrində təqaüd və qrant proqramları çərçivəsində təhsil almaq, intensiv dil kursları keçmək və tədqiqatlar aparmaq məqsədilə təklif olunan imkanlar barədə ətraflı məlumat verilib.
Azərbaycan və ingilis dillərində keçirilən təqdimatda AMEA-nın elmi müəssisələrindən və DAAD-ın Bakı Məlumat Mərkəzindən nümayəndələr iştirak ediblər.