İQTİSADİYYAT
Akim Bədəlov: Xəzər dənizində külək elektrik stansiyaları parkı yaradılacaq
Yaxın gələcəkdə Xəzər dənizi ətrafı ölkələrin iştirakı ilə külək eletrik stansiyaları parkı yaradılacaq. Bu layihə həm Azərbaycanın, həm də regionun enerji istehsalında önəmli yer tutacaq.
Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov AZƏRTAC-a müsahibəsində bu haqda məlumat verərək deyib ki, Dövlət Agentliyinin təşşəbbüsü və təşkilatçılığı ilə reallaşdırılacaq layihə ilə bağlı artıq işçi qupu yaradılıb. İşçi qurupuna “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin (DSX), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri daxildir. Həmçinin Almaniyanın “İON” şirkətinin nümayəndələri də işçi qrupa dəvət olunub. Hazırda Qazaxıstan, Rusiya və İrandan olan şirkətlərlə danışıqlar aparılır.
Dövlət Agentliyinin sədri qeyd edib ki, 10 min meqavat elektrik enerjisi istehsalına hesablanan külək eletrik stansiyaları parkı həm Azərbaycanın, həm də Rusiya və İranın tələbatını ödəyəcək. Gələcəkdə isə əldə olunan elektrik enerjisinin Gürcüstan istiqaməti ilə Türkiyəyə və oradan da Avropa ölkələrinə çatdırılması nəzərdə tutulur.