SİYASƏT


Akira Matsunaqa: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilib

Tokio, 6 yanvar, AZƏRTAC

AZƏRTAC-ın xüsusi müxbiri Yaponiyanın Sasakava Sülh Fondunun baş elmi işçisi, Tokio Universitetinin professoru Akira Matsunaqa ilə görüşərək onun Azərbaycan barədə fikirlərini öyrənib. Müsahibəni təqdim edirik.

-Cənab Akira Matsunaqa, sizi Azərbaycanda region üzrə mütəxəssis kimi yaxşı tanıyırlar. Siz həm Türkiyə, həm Azərbaycan, həm də ümumilikdə region üzrə bir sıra araşdırmaların müəllifisiniz. Ölkəmiz hansı xüsusiyyətlərinə görə sizi cəlb edir?

-Azərbaycana mənim marağım ölkəniz dövlət müstəqilliyini bərpa etdikdən sonra başlayıb. Diplomatik və elmi fəaliyyətimlə bağlı Türkiyəni öyrəndiyimə görə, 1991-ci ildə SSRİ süquta uğradıqdan sonra Qafqazda yerləşən və Türkiyə ilə sıx əlaqələrə malik bir ölkə olaraq Azərbaycan diqqətimi cəlb etdi. Azərbaycanlıların azadlıq uğrunda mübarizəsi, göstərdiyi rəşadət məndə sizin ölkəyə böyük maraq oyatdı. Ötən əsrin 90-cı illərində Yaponiyada demək olar ki, Azərbaycanı tanımırdılar. Türkiyədə işləməyim və türk dilini bilməyim etnik cəhətdən çox yaxın olan Azərbaycanı öyrənməyə kömək etdi. 1991-ci ildən başlayaraq Azərbaycana, Bakıya etdiyim səfərlər mənə sizin ölkənizi daha yaxından tanımağa imkan yaratdı. Səmimi deyim ki, Azərbaycan çox gözəl ölkədir, insanlarınız çox mehriban və qonaqpərvərdirlər. Məhz bu cəhətlərinə görə Azərbaycanı bir tədqiqat obyekti kimi seçdim.

- Həm diplomatik fəaliyyətiniz, həm də elmi araşdırmalarınızla bağlı çoxlu ölkələrdə olmuş, müxtəlif xalqların mədəniyyətlərini öyrənmisiniz. Sizcə Azərbaycan və yapon xalqlarını hansı oxşar cəhətlər birləşdirir?

- Azərbaycan və yapon xalqları mədəni kökləri ilə bir-birinə çox yaxındırlar. Həm Azərbaycanda, həm də Yaponiyada qonağa böyük hörmət və ehtiramla yanaşırlar. Ona ən ləziz yeməkləri, içkiləri təklif edirlər. Yaponiya ilə Azərbaycan arasında böyük məsafənin olmasına baxmayaraq, Asiyanın qədim xalqları kimi, xalqlarımızın ürəklərində ortaq nöqtələr çoxdur. Mən azərbaycanlıları görüşdüyüm digər xalqların nümayəndələri ilə müqayisə edəndə bunu daha dərindən hiss etdim.

- Siz, eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə də qatılmısınız, 2014-cü ildə IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmusunuz. Məhz bu istiqamətdə Azərbaycanın təşəbbüslərini necə qiymətləndirirsiniz?

- Azərbaycan son illər mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlədən birinə çevrilib. Həmin tədbirlərdə dünyanın görkəmli xadimləri bir araya gələrək bütün dünyanı düşündürən mühüm məsələləri müzakirə edirlər. Şəxsən iştirakçısı olduğum IV Bakı Beynəlxalq Humanitar Forumuna da dünyanın müxtəlif guşələrindən – Çindən, Rusiyadan, Amerikadan, demək olar ki, bütün qitələrdən nümayəndələr gəlmişdilər. Həmin Forum müxtəlif millətlərə, dinlərə məxsus insanları bir araya toplamışdı. Biz müxtəlif mədəniyyətlər arasında qarşılıqlı mübadilənin təşkili ilə bağlı çox maraqlı müzakirələr apardıq. Həmin tədbirdə ilk dəfə Azərbaycana gələn tanınmış professorlar, elm adamları da iştirak edirdilər. Azərbaycanın əlverişli geopolitik mövqeyi dünyanın müxtəlif yerlərindən olan insanların bura toplaşmasına şərait yaradır. Yəni həm Avropadan, həm də Asiyadan olan tanınmış ictimai xadimlər burada bir araya gəlmək və mühüm müzakirələr aparmaq üçün yaxşı imkan əldə edirlər.

- Ötən ilin aprel ayının əvvəllərində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlik bütün dünyanın diqqətini bu regiona yönəltdi. Azərbaycan Ermənistanın növbəti təxribatının qarşısını qətiyyətlə aldı. Baş verən son hadisələrlə bağlı fikrinizi bildirməyiniz maraqlı olardı.

- Azərbaycanın işğal altında olan ərazilərini azad etmək cəhdi tamamilə başadüşüləndir. Münaqişə başlayan andan Ermənistanın öz böyük diaspor şəbəkəsi vasitəsilə əldə etdiyi informasiya üstünlüyü, təəssüf ki, dünyanın bir çox ölkələrində münaqişə barədə yanlış məlumatların yayılmasına səbəb olub. Məhz bu kanalların fəal işi nəticəsində Ermənistan zərər çəkən tərəf kimi tanınırdı. Düşünürəm ki, Azərbaycan məsələnin əsl mahiyyətinin dünyaya çatdırılması üçün fəaliyyətini daha da artırmalıdır. Region üzrə mütəxəssis olduğuma görə, mənim Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə kifayət qədər məlumatım var. Lakin bir çoxları hələ də Ermənistanın yalan məlumatlarına inanırlar. Azərbaycan həm mediadan, həm internet resurslardan və həm də digər vasitələrdən istifadə edərək münaqişənin əsl mahiyyətini dünyaya çatdırmalıdır.

- Bildiyimiz kimi, bu yaxınlarda Tokioda nəşr edilmiş “Türk dünyası” kitabında sizin Azərbaycana həsr olunan məqaləniz də yer alıb. Bu kitab və məqalə barədə nə deyə bilərsiniz?

- Həmin kitabda bütün türk dünyası, türkdilli xalqlar barədə geniş məlumatlar əksini tapıb. Burada böyük türk dünyasına mənsub olan xalqların, o cümlədən Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı, müasir inkişaf səviyyəsi haqqında məlumatlara yer verilib. Mənim Azərbaycan haqqında məqaləmdə də ölkənizin tarixi keçmişi, coğrafiyası, İslam dininin bərqərar olması, bu ərazidə yaşayan azərbaycanlıların qədim mədəniyyəti, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra qarşılaşdığı çətinliklər barədə geniş danışılıb. Xüsusən müstəqilliyin ilk illərində yaranan gərgin vəziyyət, ümummilli lideriniz Heydər Əliyevin xilaskarlıq missiyası, o cümlədən Prezident İlham Əliyevin böyük quruculuq fəaliyyəti barədə məlumatlar əksini tapıb. Düşünürəm ki, həmin kitab Azərbaycanı vahid türk dünyasının bir parçası olaraq tədqiq edənlər üçün mühüm mənbə rolunu oynaya bilər.

- Azərbaycanla bağlı yaxın gələcək üçün nə kimi yeni layihəniz var?

- Azərbaycanın regionda güclənən mövqeyi, qazandığı iqtisadi uğurlar sizin ölkənizə bütün dünyanın diqqətinin artmasına səbəb olub. O cümlədən Yaponiyada da son illər böyük uğurlar qazanan Azərbaycan haqqında daha obyektiv məlumatların yayılmasına ehtiyac yaranıb. Bunu nəzərə alaraq, bir qrup yapon alimi – Keyo Universitetinin professoru, xanım Youke Hirose, Tohoku Universitetinin professoru Seigi Kitaqava, Hokkaydo Universitetinin professoru Masari Taçibana və mən Azərbaycana dair daha geniş məlumatları əks etdirən yeni kitabın nəşri barədə layihə hazırlamışıq. Kitaba Azərbaycanın zəngin tarixi, qədim mədəniyyəti, müasir siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Yaponiya-Azərbaycan münasibətləri barədə geniş məlumatların daxil edilməsi nəzərdə tutulur. Düşünürəm ki, yeni nəşr Azərbaycanın Yaponiyada daha yaxşı tanınmasına imkan yaradacaq.

- Qeyd etdiyiniz kimi, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycana səfərlər etmisiniz. Bu illər ərzində ölkəmizdə hansı yeniliklərin şahidi olmusunuz?

- Mən, demək olar ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənizdəki sürətli və dinamik inkişafın canlı şahidi olmuşam. Yalnız paytaxt Bakını deyil, eyni zamanda, Naxçıvan, Gəncə, Şəki və başqa şəhərləri də gəzmişəm. Qeyd etdiyim kimi, ümummilli lideriniz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında mühüm rol oynayıb. Onun müəyyən etdiyi strateji inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla icrası nəticəsində Azərbaycan son 25 ildə görünməmiş inkişaf yolu keçib.

Azərbaycan çox gənc ölkədir və sizi böyük perspektivlər gözləyir. Düşünürəm ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq.

-Maraqlı müsahibəyə görə, çox sağ olun.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.