İQTİSADİYYAT
“Akkord” 3-cü Beynəlxalq Caspian Energy Forum-2015-in gümüş sponsoru oldu
Bakı, 28 yanvar, AZƏRTAC
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”ASC bu il martın 11-də Bakıda keçiriləcək 3-cü Beynəlxalq Caspian Energy Forum-2015-in gümüş sponsoru qismində çıxış edəcək.
Bu barədə AZƏRTAC-a “Akkord”un mətbuat xidmətindən bildirilib.
Tədbirdə Azərbaycan, Xəzər-Qara dəniz, Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirlik və qurumların sədrləri, Azərbaycanda akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edəcək.
Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz, Baltik regionları ölkələrinin dünya energetika bazarlarına inteqrasiyasının bütün aspektləri müzakirə ediləcək. Azərbaycanın energetika, nəqliyyat və infrastruktur layihələrində aparıcı rolu, “Cənub” dəhlizi layihələri, Xəzərin resurs potensialı məruzəçilərin və forum iştirakçılarının diqqət mərkəzində olacaq.
Tədbirin digər hissəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forum keçiriləcək. Caspian European Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və digər qeyri-neft sektorunun sistemlərinə innovasiyaların yönəldilməsi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması kimi məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 3-cü Beynəlxalq Caspian Energy Forum-2015-ə rəsmi dəstək verirlər.