İQTİSADİYYAT
“Akkord” “Uğur 2014” milli mükafatına layiq görülüb
Bakı, 27 aprel, AZƏRTAC
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC növbəti dəfə iqtisadiyyat və biznes sahəsində “Consulting and Business” jurnalının təsis etdiyi “Uğur 2014” milli mükafatına layiq görülüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 2014-cü ildə Azərbaycanda daxili məhsuldarlığı yüksəltmək yolu ilə ölkəmizin xarici idxaldan asılılığını aradan qaldırmaq kimi vacib dövlət siyasətinə dəstək olmaq xətti götürən “Akkord” korporasiyası nominantlar arasında xüsusi nailiyyətləri ilə seçilib.
“Sənaye ili” çərçivəsində istər sənaye məhsullarının istehsal həcminin, istərsə də çeşidliliyinin artırılması istiqamətində görülən mühüm əhəmiyyətli işlərlə yanaşı, korporasiya yeni, daha effektiv idarəetmə sistemlərini tətbiq edib. Bunun nəticəsində sənaye sahələrinə uyğun olaraq yeni məhdud məsuliyyətli cəmiyyətlər yaradılıb və məhsul istehsalı sahəsində ciddi nailiyyətlər əldə edilib, milli iqtisadiyyatın inkişafına mühüm töhfələr verilib.
Tədbirdə “Akkord” korporasiyasının layiq görüldüyü mükafatı şirkətin mərasimdə iştirak edən nümayəndə heyətinin rəhbəri, qurumun İşlər İdarəsinin direktoru Eyyub Məmmədov qəbul edib.
E.Məmmədov “Akkord” korporasiyanın öz fəaliyyətində daim “hər şey insan üçün” fəlsəfəsinə söykəndiyini, milli iqtisadi inkişafa yönəlmiş bütün istiqamətlərdə səylə çalışdığını vurğulayıb.