İQTİSADİYYAT
“Akkord” istedadlı gənclərə dəstək verir
Bakı, 4 dekabr (AZƏRTAC). “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin “KSM Azərbaycan”la birgə təşkil etdiyi “Ak2reativ” müsabiqəsinin final mərhələsi keçirilmişdir.
“Akkord”un mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən “KSM Azərbaycan” şirkətinin direktoru Rəşad Camal Korporativ Sosial Məsuliyyət, onun cəmiyyətdə rolu və “Ak2reaktiv” müsabiqəsi barəsində məlumat vermişdir.
“Akkord” Korporasiyasının İdarə Heyətinin üzvü Xəyal Məmmədxanlı isə həyata keçirilən layihənin əhəmiyyətindən, həmçinin korporasiyanın gənc və istedadlı mütəxəssislərin yetişməsi istiqamətində gördüyü işlərdən danışmış, müsabiqənin qaliblərini təbrik etmişdir. Sonra qaliblərə “Akkord” Korporasiyasının pul mükafatları, sertifikat və hədiyyələri təqdim olunmuşdur.
Xatırladaq ki, məqsədi inşaat və memarlıq sahəsində kreativ, bacarıqlı gəncləri üzə çıxartmaqdan ibarət olan “Ak2reativ” müsabiqəsinə işlər 4 istiqamət - Maket, 3D, Sloqan və Sərbəst konsept üzrə qəbul olunmuşdur.
Müxtəlif istiqamətlər üzrə göndərilən 42 iş arasından üçü seçilərək qalib elan edilmişdir. Belə ki, I yer - 500 manat (“Akkord” binalarından 15 faiz endirim), II yer - 300 manat (10 faiz endirim) və III yer - 200 manat (10 faiz endirim) məbləğində mükafatlandırılmışlar.