QAN YADDAŞI
“Akkord” korporasiyası jurnalist tələbələrin və Xocalı məktəblilərinin Quba Soyqırımı Memorial Kompleksinə ziyarətini təşkil etmişdir
Bakı, 1 aprel (AZƏRTAC). “Akkord” korporasiyası 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tələbə və müəllimlərin Quba Soyqırımı Memorial Kompleksinə ziyarətini təşkil etmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ziyarətdə Bakı Dövlət Universitetinin jurnalistika və kitabxanaçılıq fakültələrinin tələbə və müəllimləri ilə yanaşı, hər il olduğu kimi, Xocalı şəhər 2 nömrəli orta məktəbinin şagird və müəllim kollektivi də iştirak etmişdir.
Korporasiyanın təşkil etdiyi rahat nəqliyyat vasitələri ilə Bakıdan Qubaya gələn tələbə və şagirdlər, həmçinin məktəb və universitet müəllimləri “Akkord”un nümayəndələri ilə birgə Soyqırımı Memorial Kompleksinin önünə əklil və gül dəstələri qoymuş, ötən əsrin əvvəllərində erməni vəhşiliyi nəticəsində qəddarcasına öldürülmüş soydaşlarımızın xatirəsini ehtiramla yad etmişlər.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və Xocalı şəhər 2 nömrəli orta məktəbinin müəllimi Süleyman Quliyev “Akkord” Korporasiyasının xalqımız və tariximiz üçün əhəmiyyətli günlərdə həyata keçirdiyi bu cür tədbirləri yüksək qiymətləndirmişlər.
Ziyarət zamanı tələbə və şagirdlərə xalqımıza qarşı yönəlmiş erməni vəhşiliklərinin, o cümlədən Quba soyqırımının tarixindən danışılmış, bu hadisələrin bir daha təkrarlanmaması üçün tariximizin daha dərindən öyrənilməsinin və təbliğinin vacibliyi vurğulanmışdır.
Ziyarətçilər ərazidə yeni qurulub istifadəyə verilmiş soyqırımı muzeyinə də baş çəkmiş, bu dəhşətli faciəni əks etdirən əyani vəsaitlərlə tanış olmuşlar.