İQTİSADİYYAT
“Akkord”un inşa etdiyi Kutaisi dolama yolu istifadəyə verilib
Bakı, 27 noyabr, AZƏRTAC
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Gürcüstan Respublikasındakı nümayəndəliyi (“Akkord Georgia”) Kutaisi dolama yolunun tikintisini başa çatdırıb.
Korporasiyadan AZƏRTAC-a bildiriblər ki, yolun təntənəli açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, regional inkişaf və infrastruktur naziri David Şavliaşvili, yol departamentinin rəhbəri Vaja Pançulidze, Yaponiyanın və İtaliyanın bu ölkədəki səfirləri Toşio Kaitani və Federika Favi, “Akkord” Korporasiyasının Baş direktoru Göksel Aybek, “Akkord Georgia”nın direktoru Naci Özdəmir və digər rəsmi şəxslər, habelə yerli sakinlər və KİV nümayəndələri iştirak ediblər.
Tikintisinə 2012-ci il fevral ayının 17-də start verilmiş I dərəcəli beton örtüklü yol Türkiyə-Gürcüstan-Azərbaycan və əks istiqamətdə tranzit yükdaşımalarda istifadə olunan yük avtomobillərinin Kutaisi şəhərinə daxil olmadan hərəkətini təmin edəcək.
Böyük İpək Yolu layihəsinə daxil olan, Beynəlxalq Şərq-Qərb yolu layihəsi çərçivəsində inşa edilən 17,3 kilometrlik Kutaisi dolama yolu ilə eyni vaxtda istifadəyə verilən 16 kilometrlik Samtredia yolunun açılışı təntənəli və əyləncəli mərasimlə yadda qalıb. Belə ki, yarış avtomobilləri və motosikletçilərdən ibarət qrup maraqlı şou göstərib.
Mərasimdə çıxış edən Baş nazir və digər dövlət rəsmiləri layihənin beynəlxalq əhəmiyyətini və yerinə yetirilən işlərin yüksək keyfiyyətini xüsusi vurğulayıblar.
Layihənin sifarişçisi Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin yol departamentidir. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən layihənin başlanğıcında Türkiyə Respublikasına gediş istiqaməti üzrə eni 11,5 metr olan yol üzərində 6 körpü və 4 yolötürücü tikilib. Çaylar üzərində inşa edilmiş körpülər təxminən 20 metr hündürlükdə yerləşir. Ən uzun körpü Rioni çayı üzərində salınıb. Bu körpünün uzunluğu 900 metrdən çoxdur.
Təntənəli mərasim başa çatdıqdan sonra “Akkord” rəhbərliyi “Akkord Georgia”nın mənzil-qərargahında olub. Korporasiyasının Baş direktoru Göksel Aybek yolun çəkilməsində əməyi olan hər kəsi çoxminlik“Akkord” kollektivi adından təbrik edib. Tikintidə fərqlənən əməkdaşlara fəxri fərmanlar verilib.