DÜNYA
Akkumulyatorlu çamadan qurğuları enerji ilə dolduracaq
Bakı, 3 sentyabr, AZƏRTAC
Baqaj çantaları istehsalçısı “Away” şirkəti səyahət zamanı qurğuları enerji ilə doldurmağa imkan verən akkumulyator və iki “USB” çıxışın quraşdırıldığı çamadan hazırlayıb.
AZƏRTAC “popmech.ru” saytına istinadən xəbər verir ki, “Away Carry-On” adlanan çamadan adi çamadandan fərqlənmir. Belə ki, kənardan kifayət qədər sadə görünən çamadanın korpusu polikarbonatdan düzəldilib, çıxarılan dəstə və dörd təkərlə təchiz edilib. Lakin daxildə - ciblərin, qayışın və astarın altında 10000 milliamper/saat tutumlu akkumulyator yerləşir. Çamadanın yuxarı hissəsində - qapağın altında enerjinin doldurulduğu qurğunun naqilini taxmaq və smartfon və ya planşeti qoşmaq üçün “USB” çıxışı var.
Bir çamadan batareyasının enerjisi “iPhone 6s” smartfon modelini beş dəfə enerji ilə tam doldurmaq üçün kifayət edir. Öz növbəsində quraşdırılmış akkumulyator adi məişət rozetkasından - "Away Carry-On” dəstinə daxil olan qurğu vasitəsilə enerji toplayır.
Çəkisi 3,3 kiloqram təşkil edən “Away Carry-On” çamadanının satış qiyməti 225 dollardır.