REGİONLAR
Aksiyanın ilk iki günündə Balakəndə 2 mindən çox sakin tibbi müayinədən keçib
Balakən, 16 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq Balakən rayonunda da uğurla icra olunur.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Hacıömər Nuriyev AZƏRTAC-a bildirib ki, Balakən rayonu üzrə 60 min nəfərə yaxın sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulur. Müayinələrin keçirildiyi rayon mərkəzi və Qabaqçöl qəsəbə xəstəxanalarında, həmçinin 13 kənd həkim məntəqəsində əhalinin kütləvi tibbi müayinəsi üçün hər cür şərait yaradılıb. Eyni zamanda, müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar həkim briqadaları ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan əhalini evlərində müayinə edirlər.
Baş həkimin sözlərinə görə, balakənlilər tibbi müayinələrdə olduqca fəal iştirak edirlər. Aksiyanın ilk iki günündə artıq 2300 nəfərə yaxın sakin tibbi müayinədən keçib. Müayinə olunanların 152 nəfəri ambulator, 7 nəfər isə stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 3 nəfər daha geniş müayinə və müalicə üçün paytaxtın tibb müəssisələrinə göndərilib.
Müayinədən keçən Balakən sakinləri insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.