CƏMİYYƏT
Aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb
Bakı, 7 iyun, AZƏRTAC
Aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma, satış məqsədilə saxlama barədə daxil olan məlumat əsasında Mingəçevir şəhərində əməliyyat keçirilib. Mingəçevir şəhəri İ.Qasımov küçəsində keçirilən əməliyyat zamanı Mingəçevir şəhər sakini Səlimov Vüsal Nizami oğlunun idarə etdiyi VAZ-21154 markalı, 45BX080 dövlət nömrə nişanlı minik avtomobili saxlanılaraq Yevlax Gömrük İdarəsinə gətirilib və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin salonundan və yük yerindən xarici ölkələrdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 37 min ədəd “MAC”, “Mond”, “CK”, “NZ”, “Alster”, “Comet”, “GM”, “Continent”, “Gold Mount”, “RC”, “Senator”, “Omega”, “Ascent”, “Cavallo”, “Milano” və “Manchester” adlı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.