İQTİSADİYYAT
Aktauda Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin enerji strategiyası müzakirə edilir VİDEO
Aktau, 9 noyabr, AZƏRTAC
Qazaxıstanın Aktau şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) İşgüzar Şurasının himayəsi ilə “Xəzər paradiqması/ŞƏT enerji forumu” adlı V beynəlxalq konfrans işə başlayıb.
Konfransın informasiya tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, ŞƏT-ə üzv dövlətlərin milli enerji strategiyalarını, ənənəvi və alternativ enerji sahəsində beynəlxalq əməkdaşlığın perspektivli layihələrini müzakirə etmək üçün tədbirə energetika sahəsinin aparıcı peşəkarları, görkəmli alimlər, siyasətçilər və dövlət orqanlarının nümayəndələri toplaşıblar.
Konfransın açılışında ŞƏT İşgüzar Klubunun təşkilat departamentinin rəhbəri İqor Kolesov çıxış edərək ölkələr arasında dialoqun qurulması baxımından belə tədbirlərin əhəmiyyətini qeyd edib. O deyib: “Burada müxtəlif ölkələrin nümayəndələri ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edə, şəxsi işgüzar əlaqələr qura, sazişlər və müqavilələr imzalaya bilərlər. Belə görüşlər həmişə faydalıdır”.
Rusiya Dövlət Dumasının milli məsələlər komitəsinin sədri Hacımet Səfərəliyev bildirib ki, bu il alternativ enerji ilə yanaşı, sosial turizm məsələləri də müzakirə ediləcək. O deyib: “Düşünürəm ki, bugünkü forum burada müzakirə olunan bütün məsələlərin və istiqamətlərin gələcək inkişafına xidmət edəcək. Xəzər sahilində yerləşən ölkələrin çoxunun bu tədbirdə iştirak etməsi dövlətlərin qarşılıqlı anlaşmasından xəbər verir”.
Forum iştirakçıları Xəzər regionu ehtiyatlarının çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıması, regionun potensialının isə dünyada ən böyük potensial kimi tanınması barədə ümumi qənaətə gəliblər. Tədbirdə energetika ilə yanaşı, nəqliyyat, bioehtiyatlar, habelə turizm və humanitar sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Aktauda gün ərzində ŞƏT Enerji Klubunun yaradılmasına ekspert köməyinin göstərilməsi çərçivəsində ŞƏT ölkələrinin enerji sahəsində mümkün qarşılıqlı fəaliyyət modelinin müzakirə edilməsi planlaşdırılır.
Tədbirin məqsədi Avrasiya məkanında ahəngdar enerji balansının yaradılması naminə ŞƏT üzvü olan dövlətlərin ekspertlərinin və işgüzar birliyinin, müşahidəçilərin və ŞƏT-in dialoq üzrə tərəfdaşlarının, habelə Xəzəryanı regiondakı ölkələrin intellektual resurslarını birləşdirməkdir.
Kamilla Əliyeva
AZƏRTAC-ın müxbiri
Aktau