MƏDƏNİYYƏT


Aktyor Vladimir Zeldin ömrünün 101-ci ilində Moskvada vəfat edib

A+ A

Moskva, 31 oktyabr, AZƏRTAC

SSRİ Xalq Artisti Vladimir Zeldin ömrünün 101-ci ilində Moskvada vəfat edib.

Son üç həftə ərzində Zeldin hərbi hospitalda müalicə olunurdu. Oktyabrın 29-da onu Moskvadakı Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna köçürmüşdülər.

Vladimir Zeldin 1915-ci ildə anadan olub. Onun uşaqlıq və yeniyetməlik illəri inqilab və Yeni İqtisadi Siyasət dövrünə, gəncliyi isə Böyük Vətən müharibəsi illərinə təsadüf edib. 1945-ci ildən Sovet ordusunun mərkəzi teatrında çalışırdı. Vladimir Zeldinin adı Ginnesin rekordlar kitabına daxil edilib: dünya teatr təcrübəsində ondan əvvəl heç bir aktyor 100 yaşında səhnədə çıxış etməyib. Zeldinin yüz illiyi şərəfinə təşkil edilmiş benefisdə isə o, beş saat səhnədən çıxmayıb.

Əfsanəvi aktyor ölümündən bir neçə ay əvvəl “Moskva-Bakı” portalının müxbiri ilə söhbətində Bakıya səfərləri və Heydər Əliyevlə görüşləri barədə təəssüratlarını bölüşüb. Bir neçə dəfə Azərbaycan paytaxtında olduğunu qeyd edən V.Zeldin bildirib ki, Bakı ona çox xoş təsir bağışlayıb. O deyib: “Bir aktyor kimi mən şəhər barəsində həmişə tamaşaçıya görə mühakimə yürüdürəm. Bakı şəhəri də, bakılı tamaşaçılar da qonaqpərvər, çox xeyirxah və fəaldır. Azərbaycan, Bakı, orada yaşayan insanlar barədə ən xoş təəssüratlarım var. Mən məmnuniyyətlə oraya qayıdardım. Şəhər öz fərdi xüsusiyyətlərini, bənzərsizliyini, milli koloritini, Qafqaz temperamentini qoruyub saxlayır”.

Aktyor Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşü barədə də danışıb: “Yadımdadır, Bakıda Nil Saymonun “Sonuncu çılğın aşiq” pyesi əsasında hazırlanmış tamaşada Larisa Qolubkina ilə birlikdə çıxış edirdik. Zal tamaşaçı ilə dolu idi, Heydər Əliyev də bu əsərə baxmağa gəlmişdi. Tamaşa başa çatandan sonra Heydər Əliyev bizim üçün meyvə, şirniyyat və çay süfrəsi təşkil etdi.

Heydər Əliyev bizə son dərəcədə ağıllı, savadlı bir insan kimi, çox güclü təsir bağışladı. O, teatr mövzusunda bizimlə çox sərbəst söhbət etdi. Hiss olunurdu ki, bu mövzunu dərindən bilir. Təzəcə baxdığı tamaşanı da mükəmməl təhlil etdi. O bizə xeyli vaxt ayırdı, bizimlə ətraflı söhbət etdi. Bu bizə güclü təsir bağışladı. Heydər Əliyev çox cazibədar və yaraşıqlı kişi idi.

Bakıya sonuncu səfərim Svetlana Bezrodnayanın “Vivaldi-orkestr”i ilə olub. Konsertimiz böyük uğurla keçdi. Xüsusən ona görə ki, həmin konsertdə görkəmli pianoçu Nikolay Petrov iştirak edirdi. Mən də çıxış etdim, “Donuzabaxan qadın və çoban” adlı real nağıldan mahnılar oxudum. Bu dəfə də Heydər Əliyev konsertə gəlmişdi. Konsertdən sonra isə səhnə arxasına gəlib artistlərlə söhbət etdi”.

V.Zeldin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə tanışlığı barədə də danışdı: “İstedadlı bəstəkar və müğənnidir. Mənim yüzilliyimdə çıxış etdi və çox gözəl oxudu. Cəlbedici şəxsiyyət, istedadlı insandır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.