CƏMİYYƏT
Akvakulturanın həyata keçirilməsi qaydası haqqında qərar qəbul olunub
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabineti “Akvakulturanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, qərar “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanıb və akvakulturanın həyata keçirilməsi mexanizmini müəyyən edir. Bu qayda mülkiyyət və təşkilati-hüquqi formasından və növündən asılı olmayaraq Azərbaycan Respublikasında həyata keçirilən akvakulturaya, ölkə ərazisində akvakultura ilə məşğul olan balıqçılıq subyektlərinə və vəzifəli şəxslərə şamil edilir. Akvakultura balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyətdir. Akvakultura subyektləri onu əmtəə məhsulunun əldə edilməsi və satışı (əmtəə akvakulturası), balıq və digər su bioresurslarının (akvakultura obyektlərinin) süni artırılması (bərpası), yetişdirilməsi, rekreasiya xidmətləri məqsədləri ilə həyata keçirilir. Təşkilati-texnoloji göstəricilərinə görə akvakultura intensiv, yarıintensiv və ekstensiv formalarda icra olunur. Əmtəə akvakulturası örüş, nohur və sənaye akvakulturasına bölünür.
Qərarda göstərilir ki, balıq və digər su bioresurslarının artırılması və bərpası balıqçılıq su obyektlərində onların növlərinin təbii ehtiyatlarının qorunub saxlanması və akvakulturanın inkişafının təmin edilməsi məqsədilə aparılır. Balıq və digər su bioresurslarının artırılması və bərpası ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və bu işlərin aparılması üçün müvafiq texniki imkanları olan hüquqi və fiziki şəxslər tərəfindən, bioloji və texnoloji əsaslandırma əsasında həyata keçirilir. Balıq və digər su bioresurslarının artırılması və bərpası ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələrində dövlət büdcəsinin vəsaiti və su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu hesabına akvakultura təsərrüfatlarında akvakultura obyektlərinin yetişdirilməsi və təbii balıqçılıq su obyektlərinə bu qaydaya uyğun olaraq buraxılması həyata keçirilir. Balıq və digər su bioresurslarının süni artırılması (bərpası) qrant və ianə hesabına da mümkün ola bilər. Təbii su obyektlərinə buraxılmış akvakultura obyektləri təbii populyasiyanın bərpası, balıq və digər su bioresursları ehtiyatlarının artırılması məqsədini nəzərdə tutur.
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş, habelə nərəcinsli və digər qiymətli balıq növlərinin artırılması və bərpası müvafiq elmi tədqiqat müəssisələrinin alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında, məqsədli dövlət proqramları əsasında həyata keçirilir. Dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması və bərpası müvafiq akvakultura subyekti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bağlanılan müqavilə əsasında icra olunur. Əhalinin sağlamlığı, istirahəti və ekoloji maarifləndirilməsi məqsədilə akvakultura sahəsində rekreasiya xidmətlərinin təqdim edilməsi üçün akvakultura subyektinin mülkiyyətində və ya istifadəsində olan akvakultura su obyektlərində xüsusi yerlər müəyyən edilə bilər. Bu yerlərdə balıq və digər su bioresursları yetişdirilmir, yalnız həvəskar və idman balıq ovu üçün saxlanılır.
Qərara əsasən, akvakultura ilə məşğul olmaq üçün fiziki və hüquqi şəxslər tərəfindən bioloji və texnoloji əsaslandırma hazırlanır. Bu əsaslandırma nərəkimilərə münasibətdə 25 illik, başqa növ balıq və digər su bioresurslarına münasibətdə isə 10 illik müddətə nəzərdə tutulur. İqlimləşdirilən və hibrid akvakultura obyektləri istisna olmaqla, növündən asılı olmayaraq il ərzində 1000 kiloqramadək akvakultura məhsulu istehsal edən akvakultura subyektləri sadələşdirilmiş bioloji və texnoloji əsaslandırma hazırlayırlar. İqlimləşdirilən və hibrid akvakultura obyektləri istisna olmaqla, növündən asılı olmayaraq il ərzində 100 kiloqramadək akvakultura məhsulu istehsal edən akvakultura subyektləri bioloji və texnoloji əsaslandırma hazırlamaqdan azad edilirlər.
Akvakultura üçün endemik, genetik modifikasiya olunmuş və toksiki növ balıq və digər su bioresurslarından istifadə qadağandır. Akvakultura məhsullarının emalı, tədarükü, saxlanması, daşınması və emal məhsullarının satışında dövlət standartlarının və standartlaşma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, sanitariya-gigiyena tələblərinə nəzarət Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.