SİYASƏT
“Əl-Cəzirə” Ermənistanın ağ fosforlu top mərmilərindən istifadə etməsi barədə reportaj yayımlayıb VİDEO
Bakı, 18 may, AZƏRTAC
Qətərin “Əl-Cəzirə” telekanalı Ermənistanın cəbhə bölgəsində qadağan olunmuş ağ fosforlu top mərmilərindən istifadə etməsi ilə bağlı reportaj yayımlayıb.
Reportajda deyilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülkü şəxslərinin yaşadıqları qəsəbə və kəndləri bombalaması münaqişə tərəfləri arasında gərginliyi daha da artırıb. Azərbaycan tərəfi Ermənistanın Azərbaycan ərazilərinə insanların ölümünə və yaralanmasına səbəb olan ağ fosforlu top mərmiləri atdığını bildirir.
Reportajda ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə prezidentlərin Vyanada keçirilən görüşündən də bəhs olunur. Həmçinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin və ATƏT-in monitorinq qrupunun cəbhə bölgəsinə səfəri zamanı lentə alınmış kadrlardan istifadə edilib.
Xatırladaq ki, səfər zamanı 11 ölkədən 20-dək hərbi mütəxəssis ermənilərin atdığı və beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş 122 millimetrlik ağ fosforlu top mərmisinin düşdüyü yerdə olub. Azərbaycan tərəfi rəsmi olaraq bəyan edib ki, həmin mərminin istifadəsi qəbuledilməzdir və sənədləşdirilərək aidiyyəti üzrə bütün beynəlxalq təşkilatlara göndəriləcək.
Aprelin sonunda təmas xəttində yaşanan gərginlik zamanı Ermənistan ordusu Tərtərin Əskipara yaşayış məntəqəsinə kimyəvi mərmi atıb. Xoşbəxtlikdən mərmi əkin sahəsinə düşüb. Ağ fosforlu top mərmisi açıq havada alışır. Ondan çıxan dumanlı hava təsir etdiyi bütün canlılara həyati təhlükə törədir. Həmin mərminin düşdüyü ərazinin bir müddət əkilib-becərilməsi qadağandır.