İQTİSADİYYAT


Əl-Cəzirə telekanalı Azərbaycanın iqtisadi uğurlarından bəhs edən reportaj yayımlayıb VİDEO

A+ A

Bakı, 6 yanvar, AZƏRTAC

Əl-Cəzirə telekanalı Azərbaycanın iqtisadi inkişafı barədə reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə etməsi, strateji ehtiyatları qeyri-neft sektorunun inkişafına yönəltməsi nəticəsində dünyada baş verən qlobal böhranın ölkəyə təsirini yumşalda bildiyi qeyd olunub.

İqtisadi ekspert Aydın Hüseynov və AZPROMO-nun sədri Rüfət Məmmədov jurnalistə müsahibələrində bildiriblər ki, Azərbaycanda iqtisadiyyatın neft-qaz sektorundan asılılığını minimuma endirmək, ərzaq təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda sənayenin təşviqi və inkişaf etdirilməsi, investisiyaların cəlb olunması tədbirləri çərçivəsində “Xüsusi Kimya Sənayesi Zonası” layihəsi həyata keçirilir. Bu layihənin icrasına 5 milyard dollar həcmində investisiya cəlb edilməsi planlaşdırılır. Layihə çərçivəsində 1 milyardlıq investisiya artıq cəlb edilib və 9 iri sənaye şirkəti yaradılıb.

Müxbir Ömər Xaşramın fikirlərini davam etdirən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov bildirib ki, bu, strateji investisiya layihəsidir, dövlət zəmanəti ilə yerli və xarici investisiyalar cəlb edir və investorlar üçün vergi, gömrük güzəştləri təqdim olunur.

Reportajda bildirilir ki, Azərbaycanda kənd təsərrüfatı da strateji sahəyə çevrilib. Dövlət kənd təsərrüfatı ilə məşğul olan investorları və fermerləri dəstəkləyən bir sıra qanunlar qəbul edib. Azərbaycanda kənd təsərrüfatı məhsulları, xüsusilə çay və meyvə istehsalçılarına geniş maliyyə və logistik imkanlar yaradılır.

Sonda müxbir vurğulayır ki, neft-qaz gəlirlərinin azalması Azərbaycanı kənd təsərrüfatı sahəsini və onunla bağlı istehsal sahələrini inkişaf etdirməyə sövq edib. Bu da Azərbaycan iqtisadiyyatını gücləndirmək məqsədilə həyata keçirilən strateji tədbirlərdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.