SİYASƏT
“Əl-Fəcr” qəzetində Naxçıvandan bəhs edən məqalə dərc olunub
Abu-Dabi, 13 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nüfuzlu “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin Naxçıvan Muxtar Respublikası haqqında silsilə məqalələrinin davamı olaraq “Təbiət əfsanəsi… Onun sehri Batabat yaylağı və üzən adasındadır” sərlövhəli məqaləsi işıq üzü görüb.
Hər zaman olduğu kimi, bu dəfə də qəzetin bütöv rəngli səhifəsinin həsr olunduğu məqalənin müqəddiməsində qəzetin baş redaktoru qədim tarixi, təbii sehri, məftunedici həyatiliyi, eləcə də tarixi, dini, antropoloji, mədəni və turizm abidələri ilə zəngin Naxçıvan Muxtar Respublikasını bir dəfə ziyarət etməyin kifayət olmadığını oxucuların diqqətinə çatdırır, hər dəfə bu gözəl məkana qayıtmağın yeniliklərin kəşfi ilə yadda qaldığını deyir. O, Naxçıvanı tərk etdikdən sonra burada mövcud sehrin, cazibədarlığın və gözəlliyin insanı növbəti səfər barədə düşündürdüyünü və bu qədim diyarda dünya miqyasında çox da olmayan nadir incilərdən daim zövq almağın mümkünlüyünü vurğulayır.
Eyni zamanda, Şərif Əl-Bəsil Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə qısa vaxtda bu möhtəşəm diyarda hərtərəfli inkişafı, müasir infrastrukturun yaradıldığını qabardır və bütün bunların xaricdən, xüsusən də ərəb ölkələrindən turistlərin cəlb edilməsi işində müstəsna addımlar olduğunu vurğulayır.
Şərif Əl-Bəsil Naxçıvan Muxtar Respublikasında hər növ turizm üçün imkanların mövcudluğunu diqqətə çatdıraraq, dünyanın ən qədim insan məskənlərindən biri sayılan “Naxçıvan” sözünün etimologiyasını xatırladır, Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar və tarixi araşdırmalarda Nuh peyğəmbərin gəmisinin məhz burada yan aldığı barədə qənaətin formalaşdığını yazır, “Qurani-Kərim”in “Əl-Kəhf” surəsində göstərilən mağaranın məhz bu sehrli diyarda yerləşdiyini oxucuların nəzərinə çatdırır və həmin yerin “Əshabi-Kəhf” dini-mədəni abidə kompleksi kimi məşhur olduğunu bildirir.
Ötən məqalələrində Naxçıvanda müalicəvi turizm haqqında ətraflı bəhs etdiyini xatırladan Ş.Əl-Bəsil bu dəfə təbiət qoynunda istirahətə üstünlük verənlərə xitabən Batabat yaylağına, Ağbulaq İstirahət Mərkəzinə və digər ecazkar məkanları ziyarət etməyi tövsiyə edir.
Müəllif Batabat yaylağının yerləşdiyi ərazinin coğrafi mövqeyi barədə oxuculara məlumat verir, burada havanın təmiz olduğunu, müxtəlif xəstəliklərə qarşı 60-dan çox təbii otun bitdiyini vurğulayır və dünyada ən keyfiyyətli balın bu yaylaqda mövcud olduğunu vurğulayır. Eyni zamanda o, eyniadlı göldə adanın varlığını qeyd edir və küləklərin təsiri ilə üzdüyünü möcüzə kimi qələmə verir.
Ağbulaq İstirahət Mərkəzinə gəlincə, baş redaktor istirahət mərkəzinin yerləşdiyi ərazinin təbii xüsusiyyətləri və bu mərkəzdə yaradılan şərait barədə də məlumat verir. Burada təqdim edilən təamların, eləcə də meyvə-tərəvəzin bütünlüklə orqanik olduğunu önə çəkir və istirahət mərkəzinin daim qonaqların zövqünə uyğun daha da təkmilləşdirildiyini qabardır.
Sonra Ş.Əl-Bəsil Əlincə qalasına nəzər salaraq, ilk növbədə, Azərbaycan tarixinin və xalqının qədim irsinin qorunub saxlanmasına böyük diqqətin təzahürü kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında 2014-cü il 11 fevral tarixli Sərəncamını xüsusi qeyd edir. O, oxuculara 2000 illik tarixə malik bu qalanın coğrafi mövqeyi barədə məlumat verir, Əmir Teymurun ordusunun 14 illik hücumlarına qarşı Azərbaycan xalqının müqavimət, inadkarlıq və döyüş ruhunun rəmzi olaraq bu qalanın Azərbaycanın tarixində ən məşhur abidələrdən biri olduğunu vurğulayır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi