ELM VƏ TƏHSİL
“Əl-İslah” qəzeti Mərakeşdə Azərbaycanla bağlı tədris proqramının təqdimatından yazır
Rabat, 30 yanvar, AZƏRTAC
Mərakeşin “Əl-İslah” qəzetinin növbəti nömrəsində yanvarın 22-də Rabat şəhərindəki V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar fənlər fakültəsinin nəzdində “Azərbaycan dili, sivilizasiyası və mədəniyyəti” üzrə tədris proqramının təqdimatı mərasimi barədə məqalə dərc edilib.
Məqalənin müəllifi, “Əl-İslah” qəzetinin redaktoru Ə.Mutşu Bakı Dövlət Universiteti ilə V Məhəmməd Universiteti arasında imzalanmış Əməkdaşlıq Protokolu çərçivəsində həyata keçirilən tədris proqramının iki ölkənin mədəniyyət sahəsindəki əlaqələrinə mühüm töhfə verəcəyini vurğulayır.
Məqalədə, həmçinin qeyd edilir ki, Azərbaycan xalqı dünyaya Nizami Gəncəvi də daxil olmaqla bir çox şairlər bəxş edib, onların poeziyası dünya ədəbiyyatında özünəməxsus yer tutur.
Müəllif bildirir ki, “Azərbaycan dili, sivilizasiyası və mədəniyyəti” üzrə tədris proqramının həyata keçirilməsi Mərakeş-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat