SİYASƏT
“Əl-İslah və ət-Tənmiyə” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib
Bakı, 16 may, AZƏRTAC
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar məqalə dərc edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.
Məqalədə qeyd olunur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsi əsrlər boyu İslam sivilizasiyasına töhfə verib və bu, qədim köklərə malik olan Azərbaycan xalqı üçün tarixi hadisə olub. Müəllif ümummilli lider Heydər Əliyevin “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” sözlərini sitat gətirərək milli şüurun mənbəyi olan Azərbaycan mədəniyyətinin müstəqil ölkənin möhkəmlənməsində böyük rol oynadığını vurğulayır.
Müəllif ölkəmizin müstəqilliyi uğrunda mübarizə dövründə xalqımızın müdafiəsi, milli dövlətimizin qurulması və möhkəmləndirilməsi üçün Heydər Əliyevin əzmkar fəaliyyətini təhlil edir. Bildirir ki, milli qəhrəmanlığın simvolları şöhrət, şərəf, şüur, vətənpərvərlik olduğu kimi, bu xüsusiyyətlərə malik olan Heydər Əliyevin göstərdiyi misilsiz hünər və şücaət, tarixi qəhrəmanlığa görə Azərbaycan xalqı onu özünün ümummilli lideri seçib.
Yazıda Heydər Əliyevin Vətənin taleyində xüsusi rol oynayaraq dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması istiqamətində böyük işlər gördüyü və hazırda onun siyasətini davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın beynəlxalq dialoq və sülh mərkəzinə çevrildiyi, indiki həssas dövrdə humanitar məsələlərin müzakirə edilməsi, bəşəriyyətin diqqət mərkəzində olan aktual problemlərin həllinin araşdırılması məqsədilə dünyanın intellektual, elmi və mədəni elitasını bir araya gətirən humanitar və mədəniyyətlərarası dialoq forumlarına ev sahibliyi etdiyi bildirilir.
Müəllif yazır ki, Azərbaycan Respublikasının bu gün əldə etdiyi tərəqqi, nəzərəçarpan inkişaf, vətəndaş cəmiyyəti daxilində tolerantlıq və birgəyaşayış harmoniyası Heydər Əliyevin dahiliyinin və müdrikliyinin səmərəsidir və Azərbaycan xalqının öz Ümummilli Liderinin anadan olmasının ildönümünü qeyd etməsi ona və onun bəxş etdiyi irsə sadiqliyinin ifadəsidir.