MƏDƏNİYYƏT
“Əl-İttihad” qəzeti Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayında sıçrayış olduğunu yazır
Əbu-Dabi, 6 oktyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) geniş oxucu auditoriyasına malik “Əl-İttihad” hökumət qəzetində bu ölkənin Bakıdakı səfirliyinə istinadən “Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarını cəlb edir… 6 ay ərzində 530 turistdən 10 min turistədək sıçrayış” sərlövhəli məqalə dərc olunub.
Məqalədə 2015-ci illə müqayisədə 2016-cı ilin ilk altı ayında BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının 530-dan 10086-ya qədər yüksəldiyi qeyd edilir. Məqalədə Azərbaycanda əmin-amanlığın, sabitliyin, eləcə də füsunkar təbiətin mövcud olduğu, iki ölkə arasında uçuş məsafəsinin cəmi 2 saat 30 dəqiqə təşkil etdiyi və sadələşdirilmiş viza rejiminin tətbiqi nəticəsində BƏƏ vətəndaşlarının 20 ABŞ dolları müqabilində hava limanında giriş vizası almaq hüququna malik olduğu oxucuların diqqətinə çatdırır. Eyni zamanda, paytaxt Bakının küçələrinin səliqəli olduğu, şəhərdə dünya şöhrətli otellərin fəaliyyət göstərdiyi, Azərbaycan mətbəxinin ərəb mətbəxinə yaxın olduğu vurğulanır. Məqalədə, həmçinin Qəbələ, Quba kimi ecazkar təbiətə, yaşıl meşələrə, təbii göllərə və şəlalələrə malik rayonların adları çəkilir, həmin rayonlarda qış turizminin də inkişaf etdiyi vurğulanır.
Yazıda ikitərəfli əlaqələrə də diqqət yetirilir. Həm Azərbaycanın, həm də BƏƏ-nin yüksək səviyyəli səfər mübadilələri vasitəsilə bu əlaqələri daha da gücləndirməyə çalışdıqları, cari ilin noyabr ayında Əbu-Dabi şəhərində Hökumətlərarası Birgə Komissiyanın 6-cı iclasının keçirilməsinin gözlənildiyi qeyd edilir. Bundan əlavə, məqalədə bir çox azərbaycanlı iş adamının Birləşmiş Ərəb Əmirliklərində investisiya və kommersiya fəaliyyətləri ilə məşğul olduğu, BƏƏ-nin Azərbaycana sərmayə yatırdığı, Ələt qəsəbəsində azad ticarət zonasının inkişafı məqsədilə İqtisadiyyat Nazirliyi və Dubay “DP World” şirkəti arasında əməkdaşlıq haqqında sazişin imzalandığı oxucuların diqqətinə çatdırılır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi