İQTİSADİYYAT


“Al Khaleej” qəzetinin oxucuları Azərbaycanın iqtisadi nailiyyətləri barədə məlumatlandırılıblar

A+ A

Əbu-Dabi, 5 dekabr, AZƏRTAC

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin “Al Khaleej” qəzetinə müsahibə verib.

Səfir Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi əlahəzrət Şeyx Məhəmməd bin Raşid Əl-Maktumun 2015-ci ilin aprel ayında Azərbaycana, Prezident İlham Əliyevin 2016-cı ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərlərinin möhkəm ikitərəfli siyasi əlaqələrin, eləcə də ticari-iqtisadi əməkdaşlığın daha da inkişafına töhfə verdiyini və bunun bəhrələrinin artıq qarşılıqlı ticarət mübadiləsində, o cümlədən turizm sahəsində özünü göstərdiyini qeyd edib. Diplomat bütün bunların ölkə rəhbərlərinin qarşılıqlı istəyindən qaynaqlandığını diqqətə çatdırıb.

2015-ci ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin 65 milyon ABŞ dolları səviyyəsində olduğunu bildirən D.Şikarov hər iki ölkədə fəaliyyət göstərən yüzlərlə şirkətin sayının get-gedə artdığını, eləcə də Azərbaycanın kənd təsərrüfatı, turizm və IKT kimi istiqamətlərə maraq göstərdiyini, BƏƏ-nin isə kənd təsərrüfatı məhsullarını idxal etdiyini, o cümlədən turizm, IKT, logistika və infrastruktur layihələrində mütərəqqi təcrübəyə malik olduğunu əsas tutaraq, həmin rəqəmin cari il ərzində yüksələcəyini söyləyib. Eyni zamanda, Azərbaycan-BƏƏ Birgə İqtisadi Komissiyasının bu yaxınlarda keçiriləcək 6-cı iclasında mövcud imkanların əsaslı şəkildə müzakirə ediləcəyi, habelə Müştərək İnvestisiya Fondunun və Biznes Şuranın yaradılması imkanlarının da nəzərdən keçiriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, səfir Azərbaycana gələn BƏƏ vətəndaşlarının orqanik kənd təsərrüfatı və qida sənayesi məhsullarından zövq aldıqlarını, buna görə də bu ölkənin şirkətlərinin həmin məhsulların idxalına maraq göstərdiklərini nəzərə alaraq, Əbu-Dabi, Dubay və ya Şarca şəhərlərində Azərbaycanın ərzaq məhsullarının sərgisinin təşkil olunması istiqamətində müvafiq işlərin görüldüyünü və sərginin tezliklə keçiriləcəyinə ümidvar olduğunu deyib. Həmçinin kənd təsərrüfatının inkişafı və bu sahəyə xarici sərmayələrin cəlb edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılmış mühüm addımlar barədə oxuculara ətraflı məlumat verilib.

Turizm sahəsinə toxunan D.Şikarov Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, bu sahənin də inkişafına və respublikamızın regionun turizm mərkəzinə çevrilməsinə xüsusi əhəmiyyət verdiyini deyib, ölkəmizin turizm sektorunda yaradılmış və yaradılmaqda olan müasir mehmanxana infrastrukturu və təbii gözəllikləri haqda ətraflı bəhs edib. O, BƏƏ sərmayədarlarını Azərbaycan hökumətinin turizm sektorundakı əlverişli siyasətindən bəhrələnməyə çağırıb.

2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Nazirlər Kabinetinin qərarını xatırladan səfir bu qərarın nəticəsi olaraq cari ildə turistlərin sayının 2015-ci illə müqayisədə 20-25 dəfə artaraq 30-35 min nəfərə çatdığını, Dubay-Bakı-Dubay istiqamətlərində həftəlik uçuşların sayının 4 dəfə artırıldığını, şimal əmirliklərindən turist axınının artmasına görə 2017-ci il martın 16-da Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkətinin Şarca-Bakı-Şarca istiqamətlərində ilk uçuşlara başlayacağını qeyd edib.

Ölkəmizdəki gəzməli yerlər barədə jurnalistin sualına cavab verən səfir son 10 il ərzində yerli və xarici turistlər üçün yaradılmış yüksək şəraitə toxunaraq, Naxçıvan, Qəbələ, Qusar, Quba, Şamaxı, Şəki və digər regionlarda mövcud təbii gözəlliklər fonunda möhtəşəm beşulduzlu otellərin, eləcə də istirahət zonalarının fəaliyyət göstərdiyini və oradan gələn qonaqlara keyfiyyətli xidmətlərin təqdim olunduğunu deyib. O, Qəbələdə “Qafqaz” otellər şəbəkəsinin, Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin, Qubada “Quba Rixos” otelinin, Naxçıvanda müalicəvi turizm üçün yüksək beynəlxalq meyarlara cavab verən sanatoriyaların BƏƏ turistlərinin artıq rəğbətini qazandığını söyləyib. Həmçinin dini tarixi sevənlərə Naxçıvan şəhərində yerləşən “Əshabi-Kəhf” ziyarətgahına getmək tövsiyə olunub.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.