MƏDƏNİYYƏT


“Al Mayadeen” televiziyasında Azərbaycan musiqisi ilə bağlı sənədli film yayımlanıb

A+ A

Paris, 19 iyul, AZƏRTAC

Ərəb ölkələrində yayılan “Al Mayadeen” televiziya kanalında “Ethnopholia” adlı sənədli filmlər silsiləsində Azərbaycan musiqisi ilə bağlı çəkilmiş 3 seriyalı sənədli filmin birinci seriyası yayımlanıb. Film Azərbaycan muğamına, onun ifaçılarına və musiqi tədrisinə həsr edilib.

“Ethnopholia” silsilə sənədli filmlər verilişini məşhur livanlı müğənni Abeer Nehme aparır. O, müxtəlif ölkələrin milli musiqilərindən ibarət sənədli filmlər hazırlayır. Müğənni keçən il Azərbaycanın Fransadakı səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Bakıda olub, muğam, aşıq və caz musiqisinə dair üç hissədən ibarət sənədli film hazırlayıb. Filmin musiqi tərtibatçısı və koordinatoru Fransada yaşayan həmyerlimiz Aytən Muradovadır.

Azərbaycan musiqisinə məftun olan Abeer Nehme Bakı səfərindən sonra “Küçələrə su səpmişəm” və “Getmə-getmə” mahnılarını repertuarına daxil edib. O, filmdə “Sarı gəlin” mahnısını da ifa edir.

“Ethnopholia” sənədli filmlərinin musiqi məsləhətçisi Alen Veber artıq neçə illərdir ki, Azərbaycan musiqiçilərinin ifalarını Fransada, eləcə də Hindistanda, Mərakeşdə, Belçikada özünün iştirak etdiyi musiqi festivallarının proqramına daxil edir. Qeyd edək ki, cari ilin may ayında kanonçu qızlardan ibarət “İnci” ansamblı ölkəmizi Mərakeşdə Fes festivalında təmsil edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.