CƏMİYYƏT
“Al-əlvan Qarabağ” şüşə üzərində rəsm sərgisi açılıb
Bakı, 14 oktyabr, Həsrət Mahmudova, AZƏRTAC
Oktyabrın 14-də Binəqədi rayon Gənclər Evində Qarabağ xalçaçılıq məktəbi ənənələrini yaşatmaq və gənc nəslə aşılamaq üçün həyata keçirilən “Al-əlvan Qarabağ” şüşə üzərində rəsm layihəsi çərçivəsində növbəti sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “Virtual Qarabağ” İKT Mərkəzinin, Binəqədi rayon gənclər və idman idarəsinin, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin, “Sağlam Düşüncə” Gənclər təşkilatının, “IB Club” Gənclərin İnkişaf Mərkəzinin və “Park Bulvar” AVM-in tərəfdaşlığı ilə reallaşıb.
Layihə rəhbəri Güllü Atakişiyeva tədbirdə çıxış edərək bildirib ki, məqsəd Qarabağ xalçaçılıq məktəbinin özünəməxsusluğunu rəsmlər vasitəsilə gənclərə təbliğ etməkdir. Hələ X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi tanınan Qarabağın dağlıq və aran zonalarında xalçaçılıq sənəti özünəməxsus böyük inkişaf yolu keçib. Tarixi inkişaf prosesində Qarabağ xalçaçılıq məktəbi spesifikliyini qoruyub saxlayıb. Bu xalçaların bədii tərtibatında həndəsiləşdirilmiş nəbati naxışlar, rəmzi xarakterli rəsmlər, dekorativ və təsviri sənətin müxtəlif sahələrindən götürülmüş kompozisiyalar daxildir. Azərbaycanın milli ornamenti sayılan buta, həmçinin göl və xonçalar, müxtəlif heyvan (at, pələng, şir, maral, qartal və sair) təsvirləri, təbiət mənzərələri, ov səhnələri Qarabağ xalçalarında geniş istifadə olunub. Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətinin, xüsusilə Qarabağ xalçaçılıq məktəbinin göz oxşayan ecazkarlığını cəmiyyətə çatdırmaq üçün şüşə üzərində təsvir olunan Qarabağ xalçaları gənc həvəskar rəssamlar tərəfindən çəkilib.
Digər çıxışlarda da Azərbaycanın qədim və zəngin ənənələrə malik xalçaçılıq irsinin öyrənilməsində və gənclər arasında təbliğində belə layihələrin, tədbirlərin və sərgilərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, layihə çərçivəsində ilk sərgi Şəmkirdə fəaliyyət göstərən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilib. Növbəti sərgi isə “Park Bulvar” AVM-də açılacaq.