ELM VƏ TƏHSİL
Albaniya Prezidentinə Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı verilib
Bakı, 17 mart, P.İmanova, AZƏRTAC
Bakıda keçirilən V Qlobal Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Prezidenti Buyar Nişani Azərbaycan Dillər Universitetində (ADU) olub. ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev Buyar Nişaniyə universitetin elmi şurasının qərarına əsasən ADU-nun fəxri doktoru diplomunu təqdim edib.
AZƏRTAC xəbər verir ki, Ə.Abdullayev Albaniya Prezidentinin universitetdə olmasından məmnunluq duyduğunu söyləyib. Albaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin tarixindən danışan professor bu ölkənin baş nazirlərinin Azərbaycana səfərindən sonra siyasi sahədə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, əlaqələrimizin ikitərəfli və çoxtərəfli siyasi dialoq, mədəni və iqtisadi sahədə əməkdaşlıq üzərində qurulduğunu söyləyib.
Ə.Abdullayev Albaniya ilə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq etdiyini söyləyib. O, Buyar Nişaninin ölkəmizə səfərinin Azərbaycan-Albaniya münasibətlərinin tarixində yeni səhifə açacağını deyib. Hər iki ölkə arasında tarixi baxımdan oxşarlıq və yaxınlığın olduğunu deyən Ə.Abdullayev Azərbaycan ərazisində qədim Alban dövlətinin mövcud olduğunu xatırladıb. Hazırda ADU tələbələrinin Şərqi Avropada baş verən tarixi, siyasi və mədəni prosesləri öyrəndiklərini bildirən Ə.Abdullayev onların gənc diplomatlar kimi ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
Prezident Buyar Nişani ADU-da olmaqdan və universitetin akademik heyəti ilə görüşməkdən böyük şərəf hissi keçirdiyini bildirib. ADU-nun fəxri doktoru adı verilməsinin onun üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyən Buyar Nişani bu adın Albaniya və Azərbaycan arasında dostluq və əməkdaşlıq simvolu olacağını söyləyib. Albaniya Prezidenti ölkələrimiz arasında coğrafi fərqlərin olmasına baxmayaraq oxşar cəhətlərin olduğunu da deyib, bu görüşdə ikitərəfli əlaqələri müzakirə etmək şansının yarandığını diqqətə çatdırıb. Buyar Nişani hər iki ölkənin tələbə mübadiləsini artıracağına və elmi təcrübələri bölüşəcəyinə əminliyini ifadə edib.
Sonra Albaniyanın Prezidenti tələbələrin suallarını cavablandırıb.
Prezident Buyar Nişani ADU-nun fəxri qonaqlar üçün xatirə dəftərinə ürək sözlərini yazıb.
Tədbirdə “Qarabağ” futbol klubunun albaniyalı oyunçusu Ansi Agolli də iştirak edib.