İQTİSADİYYAT
Albaniyada TAP üzrə giriş yollarının və körpülərin modernləşdirilməsinin 97 faizi başa çatıb
Bakı, 24 noyabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri üzrə indiyədək Albaniyada giriş yolları və körpülərin modernləşdirilməsinin birinci mərhələsinin 97 faizi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə TAP-ın “twitter” səhifəsində məlumat verilir. Bildirilir ki, 12 giriş yolu və 42 körpünü əhatə edən TAP boru kəməri marşrutu boyunca yol infrastrukturunun bərpa edilməsinin birinci mərhələsinə 2015-ci ilin yayında başlanılıb.
Qeyd edək ki, bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. TAP qaz boru kəmərinin inşası çərçivəsində ötən 6 ay ərzində Yunanıstan, Albaniya və İtaliyada 70 kilometr uzunluğunda borular qaynaq edilib.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan–547 kilometr, Albaniya–211 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-36 düym). 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur. Azərbaycanın bu il TAP layihəsinə ümumilikdə 278 milyon dollar ayırması planlaşdırılır.
TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).