İQTİSADİYYAT
Əlcəzair yığıncağında neft hasilatının “dondurulması” məsələsi müzakirə edilə bilər
Bakı, 21 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan neft hasilatçısı ölkələrin sentyabrın 28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində qeyri-rəsmi toplantısında neft hasilatının “dondurulması” məsələsi müzakirə edilə bilər.
AZƏRTAC xəbər ki, bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo deyib. O bildirib ki, görüşdə neft hasilatının yaxın 1 il ərzində “dondurulacağı” ilə bağlı fikirlər səslənilir.
Əlcəzairin enerji naziri Nurəddin Buterfa isə hasilatın 1 il müddətinə “dondurulması” ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə neft bazarında minimum 6 ay ərzində tarazlıq yaranacağını, yəni tələb-təklif fərqinin azalacağını bildirib.
Qeyd edək ki, hasilatın “dondurulması” ilə bağlı müzakirələrdən sonra OPEC-in növbədənkənar iclası çağırıla bilər. Hasilatın “dondurulması” qərarı isə OPEC-in noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək iclasında qəbul edilməsi mümkündür.