İDMAN
Əlcəzairli məşqçi: Azərbaycan yığması İslamiada voleybol oyunlarının favoritidir
Bakı, 18 may, Pərvanə Rəhimova, AZƏRTAC
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil edilib. Biz Azərbaycanın kişi voleybol yığmasının Türkiyə voleybolçularına 3:0 hesabı ilə qalib gəldiyi matça baxdıq. Bu, maraqlı oyun idi. Hesab edirəm ki, Azərbaycan komandası İslamiadanın favoritidir və haqlı olaraq qızıl medallara ümid bəsləyir.
Bu fikirləri Əlcəzair voleybol komandasının məşqçisi İheci Moulud İran yığması ilə oyunundan sonra AZƏRTAC-a müsahibəsində səsləndirib.
O bildirib ki, sabah Əlcəzair voleybolçularını Səudiyyə Ərəbistanı yığması ilə mühüm matç gözləyir. “Yarımfinalda iştirak etmək üçün biz Səudiyyə Ərəbistanı voleybolçularına qalib gəlməliyik. Qələbə naminə əlimizdən gələni edəcəyik”, - deyə İheci Moulud əlavə edib.
Əlcəzairli məşqçi, həmçinin qeyd edib ki, İslam Həmrəyliyi Oyunları sayəsində müxtəlif ölkələrin komandaları bir-birini yaxından tanımaq, təcrübə mübadiləsi aparmaq imkanı qazanıblar. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları müxtəlif ölkələri Bakıda həmrəylik bayrağı altında bir araya gətirib.
Azərbaycanın paytaxtına ilk dəfə gəldiyini bildirən İheci Moulud vurğulayıb ki, Bakı gözəl və təmiz şəhərdir. “Hələ ki şəhəri gəzməyə imkanımız olmayıb. Lakin mayın 22-də bağlanış mərasimindən əvvəl Azərbaycan paytaxtını mütləq gəzəcəyik. IV İslam Həmrəyliyi Oyunlarının bu cür yüksək səviyyədə təşkilinə, xalqınızın qonaqpərvərliyinə və dost münasibətinə görə təşəkkür edirəm”, - deyə əlcəzairli məşqçi bildirib.