İDMAN
Aleksandr Dubkovski: Minskdə sərbəst güləş üzrə beynəlxalq turnir Bakıda Avropa Oyunlarına hazırlığın vacib mərhələsidir
Minsk, 6 mart, AZƏRTAC
Martın 6-da Minsk İdman Sarayında üçqat olimpiya çempionu Aleksandr Medvedin mükafatları uğrunda sərbəst güləş üzrə 45-ci beynəlxalq Qran-pri turniri başlayıb.
AZƏRTAC BELTA saytına istinadla xəbər verir ki, yarışda 28 ölkədən, o cümlədən Azərbaycandan idmançılar iştirak edirlər.
Azərbaycan yığmasında baş məşqçi Saypulla Absaidovun və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında Əhmədnəbi Qvarzatilov, Ruxlan Məmmədov (hər ikisi 61 kq çəki dərəcəsində), Hacı Əliyev (65 kq), Toğrul Əsgərov (70 kq-dək), Cəbrayıl Həsənov, Kənan Əliyev (74 kq-dək), Maqomedhacı Xatiyev (86 kq-dək), Xetaq Qazyumov, Şərif Şərifov (97 kq-dək) və Əli Maqomedabirov (125 kq-dək) xış edirlər. Turnirdə münsif kimi ölkəmizi beynəlxalq kateqoriyalı hakim Sədi Quliyev təmsil edir.
Yarış ərəfəsində Belarus Milli Olimpiya Komitəsində idman və turizm nazirinin müavini Aleksandr Dubkovskinin iştirakı ilə mətbuat konfransı keçirilib. Nazir müavini deyib: “Minskdə sərbəst güləş üzrə 45-ci beynəlxalq turnir Bakıda keçiriləcək Avropa Oyunlarına pəhləvanların hazırlıqlarını yoxlamaq baxımından yaxşı imkandır. Bir çox yığmalar Bakıda Birinci Avropa Oyunlarına hazırlaşırlar və Aleksandr Medvedin mükafatları uğrunda turnir də güləşçilərin hazırlığını, iyun ayında Azərbaycan paytaxtında bel bağlaya biləcəyimiz komandaların liderlərinin müəyyən edilməsi baxımından yaxşı imkandır. Hazırda isə beynəlxalq turnirdə bir çox ən güclü idmançılar iştirak edir. Əminəm ki, iki gün ərzində çox maraqlı oyunları izləyəcəyik”.
Üçqat olimpiya çempionu Aleksandr Medved turnir iştirakçılarının geniş coğrafiyanı əhatə etdiyini və gənclər arasında sərbəst güləşin geniş yayılmasını vurğulayıb. O deyib: “Bu yaxınlarda uşaqlar arasında “Ayı balası” beynəlxalq yarış başa çatıb. İstedadlı uşaqlar çoxdur. Ümidvaram ki, gələcəkdə onlardan çoxu böyüklər arasında turnirlərdə iştirak edəcəklər. Çox sevinirəm ki, idman sarayında müxtəlif komandaları və güləş növlərini görürəm. Minsk turnirinin özünəməxsusluğu da elə bundadır. Bu, əsl dünya güləş forumudur”.
Turnirin təşkilatçıları Belarus İdman və Turizm Nazirliyi, Milli Olimpiya Komitəsi, Minsk Şəhər İcraiyyə Komitəsi, Belarus Güləş Federasiyası və “Prezident İdman Klubu”dur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk