MƏDƏNİYYƏT
Aleksandr İvanov: Bakı tamaşaçılarını “Eurovision-2016” yarışmasında mənə dəstək olmağa çağırıram VİDEO
Stokholm, 11 may, AZƏRTAC
Azərbaycanı salamlayıram. Bakı tamaşaçılarını “Eurovision-2016” yarışmasında mənə dəstək olmağa çağırıram.
Bu sözləri Belarus təmsilçisi Aleksandr İvanov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
O, yarışmanın həyatında və karyerasında əhəmiyyətli rol oynayacağını qeyd edib, finalda maraqlı şou göstərməyə çalışacağını bildirib.
Azərbaycan təmsilçisi Səmra Rəhimlinin ifasının özünəməxsusluğu ilə seçildiyini söyləyən Aleksandr İvanov ölkəmizin “Eurovision” yarışmalarında uğurlu ifalar, performanslarla yadda qaldığını deyib: “Bu da ölkənizin hər bir işə nə dərəcədə ciddi yanaşdığını göstərir. Finala vəsiqə qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Əminəm ki, budəfəki səhnə tərtibatı və ifam Avropa tamaşaçılarının zövqünü oxşaya biləcək. Musiqi ilə öz hisslərimi tamaşaçı auditoriyasına çatdırmağa çalışıram. Zənnimcə, musiqini təkcə eşitmək kifayət deyil, onu hiss etmək və yaşamaq lazımdır. Hər bir gənc müğənni “Eurovision” mahnı müsabiqəsində iştirak etmək istəyir. Azərbaycanın builki nömrəsi güclüdür. Düşünürəm ki, Azərbaycandan olan tamaşaçılar müsabiqədəki mahnımı bəyənəcək və ən çox səsini mənə verəcək”.