İDMAN


Aleksandr Jukov Tomas Baxa və Kreyq Ridiyə məktub ünvanlayıb

A+ A

 

Bakı, 18 iyul, AZƏRTAC 

Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Aleksandr Jukov Dünya Antidopinq Agentliyinin (WADA) müstəqil komissiyasının araşdırmasının nəticələrinin açıqlanması ərəfəsində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) başçısı Tomas Baxa və WADA-nın prezidenti Kreyq Ridiyə məktubla müraciət edib.

Kanadalı hüquqşünas Riçard Maklarenin başçılıq etdiyi WADA komissiyası iyulun 18-də 2014-cü ilin Soçi Olimpiadasında guya Rusiyanın hakimiyyət orqanlarının dəstəyi ilə həyata keçirilən dopinq fırıldaqları ilə bağlı ittihamların araşdırılması haqqında məruzə təqdim etməlidir.

Komissiya üzvləri bu araşdırmaların nəticələrini Torontoda mətbuat konfransında açıqlayacaqlar. Qərar Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bütün Rusiya nümayəndə heyətinin iştirakına təsir edə bilər.

“Matç TV” telekanalı A.Jukovun müraciətindən bu sözləri sitat gətirib: “ABŞ və Kanadanın antidopinq agentliklərinin hərəkətləri Rusiya Olimpiya Komitəsini son dərəcə məyus edib. Onlar WADA-nın İdmançılar Komissiyasının başçısı Bekki Skottun dəstəyi ilə Rusiya komandasının 2016-cı ildə Rio-de-Janeyro XXXI Yay Olimpiya Oyunlarında iştirakını qadağan etməyə çağırırlar. Hətta biz bunu rusiyalı idmançıların Olimpiya Oyunlarında çıxışlarına qadağanı dəstəkləyən idmançılardan və təşkilatlardan ibarət beynəlxalq koalisiya yaratmaq cəhdi kimi qiymətləndiririk”.

WADA komissiyası Moskva Antidopinq Laboratoriyasının keçmiş başçısı Qriqori Rodçenkovun ifadələrini doğru saysa, ROK-un diskvalifikasiya olunmasını BOK-a tövsiyə edə bilər. Bu da istisnasız olaraq bütün rusiyalı idmançıların Oyunlara buraxılmaması deməkdir.

Məruzənin açıqlanmasına iki gün qalmış – iyulun 16-da ABŞ və Kanada nümayəndələri ROK-u diskvalifikasiya etmək tələbi ilə BOK-a müraciət ediblər. Onlarına məlumatına görə, Maklarenin araşdırması Rusiyada dopinqə dövlət dəstəyi sisteminin olduğunu təsdiq edib. Bu çağırışa müxtəlif ölkələri təmsil edən 10 milli antidopinq agentliyi və idmançılar qrupu qoşulub.

Məktubda deyilir: “2016-cı ilin Olimpiya Oyunlarından bütün rusiyalı idmançıların kənarlaşdırılması çağırışı, çox güman, Riçard Maklarenin rəhbərlik etdiyi WADA komissiyasının məruzəsi hazırlanan zaman əldə olunan informasiyaya əsaslanmalı idi. Bu məruzə müstəqil xarakter daşımalı və açıqlanacağı vaxta - 2016-cı il iyulun 18-ə qədər tam məxfi saxlanılmalı idi. Məruzə rəsmi açıqlanana qədər onun məzmunu qabaqcadan bu təşkilatlara hansı yolla məlum ola bilərdi. Vəziyyət Rusiya Olimpiya Komitəsini çox ciddi narahat edir, çünki bu məruzənin bütövlüyü və müstəqilliyi artıq şübhə doğurur”.

ROK-un başçısı daha sonra əlavə edib: “Elə təəssürat yaranır ki, bütün bunlar rusiyalı idmançıların 2016-cı il Rio-de-Janeyro Olimpiadasında iştirakdan kənarlaşdırılmasına yönəldilən yaxşı planlaşdırılmış qərəzli kampaniyanın bir hissəsidir və belə bir görünməmiş qərarın qəbul edilməsi üçün hər hansı dəlil-sübutun olub-olmamasından asılı deyil”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.