REGİONLAR
Aleksandr Kudryaşov: Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşamasına baxmayaraq, çox böyük nailiyyətlər qazanıb
Bu sözləri Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Departamentinin rəisi, MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının sentyabrın 16-17-də Naxçıvan Muxtar Respublikasında keçirilmiş XII iclasının iştirakçısı Aleksandr Kudryaşov AZƏRTAC-a müsahibəsində deyib.
Belarus nümayəndəsi bildirib ki, Naxçıvanda intensiv tikinti işləri gedir, bununla birlikdə şəhər çox təmiz saxlanılır. Gözəlliyə, abadlığa isə söz ola bilməz. Bu işlərin görülməsində zəhməti olan hər kəsə minnətdarlıq etmək lazımdır.
Belaruslu qonaq daha sonra deyib: “Bilirəm ki, bu qədim torpaq sizin əcdadlarınızın qanı bahasına qorunub saxlanılıb. Bu gün isə muxtar respublika sakinlərinin alın təri ilə abadlaşıb. Bu gün sizlər öz əcdadlarınızın yolunu çox böyük uğurla davam etdirirsiniz”, – deyən Aleksandr Kudryaşov əlavə edib ki, bu gün Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşamasına baxmayaq, çox böyük nailiyyətlər qazanıb.
Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatun türbəsi və digər tarixi yerlərdə olduğunu bildirən Aleksandr Kudryaşov deyib ki, 5 min illik tarixi olan qədim Naxçıvanın abidələrin qorunub saxlanılmasına, bərpa edilməsinə göstərilən diqqət məni heyran etdi.