SİYASƏT


Aleksandr Mirlin: Bakı Humanitar Forumu ümumi maraqlar və təmas nöqtələri axtarmağın zəruri olduğunu nümayiş etdirdi

A+ A

Riqa, 16 noyabr, AZƏRTAC

V Bakı Beynəlxalq Humanitar Forumunda 13 Nobel mükafatı laureatının iştirak etməsi faktı bu tədbirin miqyasını səciyyələndirir: belə hallar hətta Stokholmda və Osloda da olmur.

Məşhur latış jurnalisti, professor Aleksandr Mirlin bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

A.Mirlin deyir ki, onun fikrincə, Bakı Humanitar Forumu qarşıdurma vəziyyətində olmaqdansa ümumi maraqlar və təmas nöqtələri axtarmağın, başqa sözlə desək, multikulturalizm prinsipinə riayət etməyin zəruri olduğunu nümayiş etdirdi. Multikulturalizm kimi mühüm siyasi resursla əlaqədar “İnformasiya dövründə jurnalistikanın transformasiyası və sivilizasiyalararası dialoqun təmin edilməsində onun rolu” mövzusunda “dəyirmi masa” iclasında jurnalistikanın Qərb dünyası – İslam ölkələri və sair yeni yaranmış müxtəlif siyasi sistemlərə qarşı mübarizə vasitəsi kimi yeni rolu müəyyən edilib.

A.Mirlin forumun açılışında Prezident İlham Əliyevin nitqini xüsusi qeyd edərək vurğulayıb ki, Azərbaycan dövlətinin başçısı öz nitqində həm İslam dünyası, həm də Avropa üçün ortaq təhlükələr barədə çox səmimi danışdı. A.Mirlin əmindir ki, bu gün Avropa həmin təhdidləri ört-basdır etməyə çalışır.

Aleksandr Mirlin əmindir ki, hələ XX əsrin əvvəlində multikulturalizm ideyası bir-birindən uzaq olan Azərbaycan ilə Latviyanı birləşdirirdi. O dövrdə latış ziyalılarının bir sıra görkəmli nümayəndələri ölkələrimiz arasında əlaqə yaradırdı. Jurnalist deyir: “Mən öyrənmişəm ki, 1916-1922-ci illərdə Bakı Opera Teatrının orkestrinə latviyalı bəstəkar Yazeps Medinş dirijorluq edib. Bu fakt ilk baxışda çox fərqli olan ölkələrimizin mənəvi cəhətdən bir-birinə yaxınlığının səbəbini anlamağa əsas verir”.

Latviyalı jurnalist, professor A.Mirlin Azərbaycan paytaxtı barədə təəssüratlarını bölüşərək deyib: “Humanitar Forumun keçirildiyi Heydər Əliyev Mərkəzi öz qeyri-adi memarlıq üslubu ilə yadımda qalıb. Bu binanı görən kimi düşünürsən ki, onunla Bilbaodakı Quqqenhaym Muzeyi arasında bir oxşarlıq var”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.