DÜNYA
Aleksandr Novak: “Türk axını” qaz boru kəmərinin 19 faizi tikilib
Bakı, 18 avqust, AZƏRTAC
Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) 170 kilometrinin tikintisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, təbii qaz kəmərinin təxminən 19 faizi inşa edilib.
“Layihə Türkiyə və Avropa İttifaqı üçün enerji təhlükəsizliyinin artırılmasına yönəlib. Qaz kəmərinin sualtı hissəsinin inşası Rusiyanın Qara dəniz sahilində may ayında başlayıb. Boru kəmərinin 170 kilometrdən çoxu artıq tamamlanıb.
Qeyd edək ki, “Türk axını” layihəsi Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik ötürücülük gücü 15,75 milyard kubmetrdir. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.