DÜNYA


Aleksandr Novak: “Türk axını”nın inşasına 2019-cu ildə başlanıla bilər

A+ A

Bakı, 10 avqust, Nihad Budaqov, AZƏRTAC

“Türk axını” qaz boru kəməri (Turkish Stream) üzrə ilk boru xəttinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanıla bilər.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşünü şərh edərkən deyib. Nazir bildirib ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə layihənin inkişaf etdirilməsi istiqamətində birgə səylər göstəriləcək.

Rusiyadan Türkiyəyə təbii qazın qiymətində endirimin hələ gündəmdə olmadığını deyən A.Novak bildirib ki, hazırda layihə üzrə iki boru xəttinin inşa edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, iyunun 28-də Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin “Türk axını” layihəsi üzrə Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması üçün dialoqa hazır olduğu bildirilmişdi.

Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” layihəsi üçün Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. “Gazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da qərar vermişdi.

“Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulurdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.