İDMAN
Aleksandr Qusyatnikov: Azərbaycanda idman sahəsində mühüm işlər görülür
Bakı, 1 fevral, AZƏRTAC
Bu il dünya velosiped idmanının həyatında kifayət qədər dinamik dövr kimi yadda qalacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Velosipedçilər İttifaqının (UEC) vitse-prezidenti Aleksandr Qusyatnikov dünyanın bir çox güclü komandalarının, o cümlədən “İtera-Katyuşa” (Rusiya), “Astana” (Qazaxıstan), “CCC” (Polşa), habelə Azərbaycanın “Synergy Baku” və dağ velosipedi üzrə yığma komandasının İspaniyada keçirilən təlim-məşq toplanışı zamanı deyib.
O, “Bakı-2015” ilk Avropa Oyunlarını gələcəyə atılan mühüm addım kimi dəyərləndirib. A.Qusyatnikov Avropa Oyunlarının şose velosipedi üzrə yarışlarını belə xarakterizə edib: “Uzun illərdir ki, şose velosipedi üzrə elit yaş kateqoriyasında Avropa çempionatı keçirilmir. Bunu onunla əlaqələndirirdilər ki, dünyanın ən güclü velosipedçiləri Avropada toplaşdığından qitə çempionatının təşkili dünya çempionatının nüfuzuna xələl gətirə bilər. Amma Avropa Velosipedçilər İttifaqının rəhbərliyində edilən dəyişiklikdən sonra 2016-cı ildən etibarən elit yaş qrupunda qitə çempionatının bərpası qərara alınıb. Bu səbəbdən də Avropa Oyunlarında gələnilki qitə çempionatının cizgiləri özünü qabarıq şəkildə büruzə verəcək”.
UEC vitse-prezidentinin sözlərinə görə, Avropanın aparıcı ölkələri qitə çempionatının bərpasına böyük maraq göstərirlər və bu səbəbdən də “Bakı-2015”in proqramına şose velosipedinin salınması onların ürəyincə olub. Azərbaycan paytaxtına kifayət qədər güclü velosipedçilərin gələcəyini vurğulayan A.Qusyatnikov yarışların yüksək səviyyədə təşkil ediləcəyinə əmindir. Bildirib ki, 2014-cü ildə keçirilən “Tour d’Azerbaïdjan” veloyürüşü zamanı sonuncu mərhələ paytaxt Bakı küçələrində təşkil edildi və bu variant UEC tərəfindən də böyük dəstək qazandı. Builki yarışın 5-ci mərhələsi də eyni marşrut üzrə olacaq və Avropa Oyunları üçün bu variant tam təsdiqlənəcək. Gözəl şəhərin küçələrində yarışmağı kim istəməz? Azərbaycanda beynəlxalq standartlara cavab verən dağ velosipedi parkı artıq hazırdır, BMX stadionunda isə işlər yekunlaşmaq üzrədir. Ümumiyyətlə, Azərbaycanda idman sahəsində mühüm işlər görülür. “Tour d’Azerbaïdjan” veloyürüşü zamanı rayonlarda bunun bir daha şahidi oldum. Azərbaycan Prezidenti İlham Əliyevin idmana, o cümlədən velosipedə göstərdiyi qayğı, federasiyanın gördüyü işlər Avropa Velosipedçilər İttifaqı rəsmilərini çox sevindirir.