SİYASƏT
Aleksandros Piterson: ABŞ-da siyasətçilər və elmi tədqiqatçılar Azərbaycan həqiqətləri ilə bağlı xəbərləri ən etibarlı mənbə kimi AzərTAc-dan əldə edirlər VİDEO
Bakı, 25 noyabr (AZƏRTAC). Vaşinqtonda fəaliyyət göstərən Vudro Vilson Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin Qlobal Avropa proqramının müşaviri, “Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi” kitabının müəllifi, tanınmış ekspert Aleksandros Piterson noyabrın 25-də Azərbaycan Dövlət Teleqraf Agentliyində olmuşdur.
Baş direktor Aslan Aslanov görüşdə AZƏRTAC-ın tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri, xüsusilə də agentliyin son dövrlərdə əldə etdiyi nailiyyətlər barədə qonağa ətraflı məlumat vermişdir.
Son illər Azərbaycanın nüfuzunun dünyada xeyli artdığını söyləyən baş direktor qazanılmış uğurların artıq dünya informasiya məkanına çıxmış AZƏRTAC-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar açdığını diqqətə çatdırmışdır.
2013-cü ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini vurğulayan A.Aslanov son illər ölkəmizdə bu sahənin inkişafı istiqamətində mühüm işlər görüldüyünü bildirmişdir.
Aleksandros Piterson demişdir ki, ABŞ-da siyasətçilər və elmi tədqiqatçılar Azərbaycan həqiqətləri haqqında xəbərləri ən etibarlı mənbə kimi AZƏRTAC-dan əldə edirlər. O, təmsil etdiyi beyin mərkəzində də Azərbaycan və bütövlükdə Xəzər regionu ilə bağlı tədqiqat aparılarkən AZƏRTAC-ın xəbərlərindən istifadə olunduğunu diqqətə çatdırmışdır.
Amerikalı ekspert Vudro Vilson Beynəlxalq Elmi-Tədqiqat Mərkəzi ilə AZƏRTAC arasında əməkdaşlıq əlaqələrinin qurulmasını təklif etmişdir. O, Birləşmiş Ştatlarda Azərbaycan haqqında həqiqətlərin yayılmasında, ölkəmizlə bağlı bəzi dairələrdə formalaşmış yanlış təsəvvürlərin və ikili standartların aradan qaldırılmasına bu əməkdaşlığın mühüm töhfə verəcəyini vurğulamışdır.
A.Piterson əlavə etmişdir ki, regionun lider dövlətinə çevrilmiş Azərbaycan son illər istər daxili, istərsə də xarici siyasətdə çox böyük uğurlara imza atmışdır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə qlobal layihələr həyata keçirilir. Çalışmalıyıq ki, Azərbaycanın adı çəkiləndə hər bir amerikalının təsəvvüründə məhz bu uğurlar canlansın.
Amerikalı alim Azərbaycana hər səfərində ölkəmizin sürətlə inkişaf etdiyinin, Bakının daha da gözəlləşdiyinin şahidi olduğunu vurğulamışdır.