CƏMİYYƏT
Aleksey Kim: “Bakı Ürək Günləri” kimi elmi konqreslər bizi həmişə biliklərlə zənginləşdirir VİDEO
Bakı, 27 may, Əziz Məmmədov, AZƏRTAC
Bakıya ikinci dəfədir gəlirəm. A.N.Bakulev adına Rusiya Milli Elmi-Praktiki Ürək-Damar Cərrahiyyəsi Mərkəzinin mütəxəssisləri ilə birlikdə iki il əvvəl elmi-praktik konfransda iştirak etmişəm, azərbaycanlı həmkarlarla təcrübə mübadiləsi aparmışıq. “Bakı Ürək Günləri”ndə ilk dəfədir iştirak edirəm. Ürək Günləri Rusiyada da keçirilir. İndi “Uşaq ürəyi günləri” keçirmək təşəbbüsü var. Ola bilsin, beynəlxalq konqres şəklində keçirəcəyik. Sizin kardioloq və kardiocərrahlar bizə qoşulsalar, çox sevinərik. Bütövlükdə, bu əlaqələri möhkəmləndirmək istəyirik və ümidvaram ki, bu, hamıya faydalı olacaq. Mən yenidən Bakıda olmağıma çox şadam.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin iştirakçılarından biri, Mərkəzin yeni doğulmuş və bir yaşına qədər anadangəlmə ürək qüsurlu körpələrin rekonstruktiv cərrahiyyə bölməsinin müdiri, tibb elmləri doktoru, professor Aleksey Kim söyləyib.
”Bakı Ürək Günləri”ndə çıxış edəcəyi məruzənin mövzusuna toxunan rusiyalı ekspert deyib: “Mənim məruzəm təbabətin ən ağır problemlərindən birinə - yeni doğulmuş və bir yaşına qədər anadangəlmə ürək qüsurlu körpələrə həsr olunub. Hesab edirəm ki, bu problem tam aradan qaldırılmayıb. Buna görə də bizim materialı və təcrübəni dinləmək və Amerika Ürək Assosiasiyası, habelə Aorta Koarktasiyasının Müalicəsi üzrə Avropa Ürək-Damar və Endovaskulyar Cərrahları Cəmiyyəti tərəfindən verilən tövsiyələrlə müqayisə etmək maraqlı olar. A.N.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi Mərkəzinin belə əməliyyatlar aparmaq sahəsində 60 ildən çox təcrübəsi var. Bundan əlavə, hər il institutumuzda təkcə bir yaşına qədər uşaqlar üzərində 1300 –dən çox cərrahiyyə əməliyyatı aparılır. Odur ki, bunun çox ağır problem olduğunu çox yaxşı başa düşürük. Təəssüf ki, xoşagəlməz nəticələr də çoxdur. Əlbəttə, biz bu nəticələri yaxşılaşdırmağa çalışırıq. Bu il Astanada kardiocərrahların Ümumdünya qurultayı keçiriləcək. Biz də qurultayda iştirak edəcəyik. “Bakı Ürək Günləri” kimi elmi konqreslər bizi həmişə biliklərlə zənginləşdirir.