DÜNYA


Aleksey Miller: “Türk axını”nın Qara dəniz hissəsinin inşasına 2017-ci ilin ikinci yarısında başlanılacaq

Bakı, 7 dekabr, Nihad Budaqov, AZƏRTAC

Rusiya təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) Qara dənizdən keçəcək hissəsinin tikintisinə 2017-ci ilin ikinci yarısında başlanılacaq.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller deyib.

“Türk axını” layihəsi üzrə iki boru kəmərinin inşasının nəzərdə tutulan vaxtda - 2019-cu ilin sonuna qədər başa çatacağını bildirən A.Miller kəməri inşa edəcək icraçı şirkətlərin hələ seçilmədiyini qeyd edib: “Hazırda boru kəmərini inşa edəcək şirkətlərlə danışıqlar aparılır və ən yaxşı şirkətlərlə çalışacağıq”.

A.Miller “Türk axını” üzərindən Avropaya qaz ixracı üzrə prioritet marşrutların Türkiyə-Yunanıstan sərhədi olduğunu qeyd edib. O, “Türk axını”nın Avropa İttifaqı sərhədlərinə çıxışı olacaq yerlərdə kəşfiyyat işlərinin tamamlanmaq üzrə olduğunu və dekabrın ortasında bu barədə qərar verəcəklərini bildirib.

Xatırladaq ki, dekabrın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk axını” qaz boru kəməri layihəsi üzrə Rusiya ilə imzalanan hökumətlərarası sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak “Türk axını” boru kəmərinin tikintisinə 2017-ci ildə başlanılmasının planlaşdırıldığını və layihənin ilk hissəsinin 2019-cu ildə tamamlanması üçün hər hansı bir gecikmənin gözlənilmədiyini deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ölkəsinin öz təbii qazını zəruri zəmanət təmin olunacağı təqdirdə “Türk axını” qaz boru kəməri ilə Avropaya çatdırmağa hazır olduğunu bildirib. O qeyd edib ki, inşa ediləcək bir boru kəmərinin Yunanıstandan keçməklə Avropaya çatdırılması planlaşdırılır.

İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresi çərçivəsində oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə “Türk axını” qaz boru kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Sazişi Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və Rusiyanın energetika naziri Aleksandr Novak imzalayıb.

“Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.