ELM VƏ TƏHSİL


Aləmin əbədi dövranı haqqında yeni elmi paradiqmanın əsasları təqdim edilib

Bakı, 13 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsinin iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə Geologiya və Geofizika İnstitutunun tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev “Aləmin əbədi dövranı paradiqması” mövzusunda məruzə ilə çıxış edib. Akademik məruzəsində aləmin əbədi dövranı (AƏD) haqqında yeni elmi paradiqmanın əsaslarını təqdim edib. Bildirib ki, daha öncədən təklif edilmiş paradiqmalar ilkin və ikinci insan duyğularına əsaslanır. Müxtəlif paradiqmalar arasında fərqlər əsasən ikinci duyğuların – yenilənən koqnitiv sistemləri nəticələrinin dərkolunma miqyası ilə bağlıdır. H.Quliyev bildirib ki, hərəkətlərin müddəti materiyanın informasiya formasının elementidir, zaman isə müddətlərin spesifik ölçülmə nəticələrinin kəmiyyət göstəricilərinin qəbul olunmuş qaydada düzəni və istifadəsidir. Kainatın hər yerində materiyanın iş gördüyünü deyən akademik qeyd edib ki, bunun nəticəsində müddətlərin toplum cəmi durmadan artır və bu artımdan təcrid olmaq mümkün deyil.

Materiyanın maddi və sərbəst haldan ibarət olduğunu deyən akademik qeyd edib ki, mütləq sərbəst hal azad enerji potensialına malik sonsuz fəza formasındadır.

Məruzəçi bütün fundamental təsir qüvvələrinin materiyanın maddi və sərbəst halları ilə qarşılıqlı təsirinin AƏD-də müxtəlif miqyaslarda istəklərin icrasına xidmət etdiyini vurğulayıb.

Məruzə ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.

Sonra akademiyada yer elmləri sahəsi üzrə elmlər doktoru hazırlığının və “AMEA-nın professoru” elmi adı müsabiqəsində bölmənin institut və təşkilatlarının iştirak vəziyyətinin müzakirəsi olub. Müzakirələrdən sonra bölmə müvafiq qərar qəbul edib.

İclasda elmi və ictimai fəaliyyətləri ilə fərqlənən elmi müəssisələrin bir qrup əməkdaşı Yer Elmləri Bölməsinin fəxri fərmanı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.