CƏMİYYƏT
Ələt qəsəbəsində yeni salınmış abad məhəllənin açılışı olub
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Ələt qəsəbəsinin Yeni Ələt yaşayış massivində əsaslı təmir olunmuş çoxmərtəbəli yaşayış binalarının və binaların əhatə etdiyi ərazidə yeni salınmış abad məhəllənin açılışı olub.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzolunmaz xidmətlərindən, onun siyasi irsinin təbliğinin əhəmiyyətindən, Ümummilli Liderin siyasi-iqtisadi, sosial kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.
Məhəllənin açılışında iştirak edən ağsaqqallar çıxışlarında əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd ediblər.
Sakinlər nümunəvi abad məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon icra hakimiyyətinə minnətdarlıqlarını çatdırıblar.