İQTİSADİYYAT


Əli Əhmədov: Azərbaycanda neft sektorundan sonra ən böyük sərmayə tikinti sektoruna qoyulub

Bakı, 27 aprel, AZƏRTAC 

Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, əmək münasibətlərinin təkmilləşdirilməsi və koordinasiyası komissiyası yaradılıb. Komissiyanın qarşısında qoyulan mühüm vəzifələrdən biri də qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 27-də əmək münasibətlərinin tənzimlənməsi və koordinasiya komissiyasının tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşündə Baş nazirin müavini Əli Əhmədov səsləndirib.

Qeyd olunub ki, komissiya tərəfindən iqtisadi-işgüzar fəallığın artırılmasına dəstək verilməsi, işçilərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq qurumlar qarşısında vəzifələr qoyulub. Son 10-12 ildə ölkə iqtisadiyyatının möhtəşəm inkişaf illərini yaşadığını vurğulayan Baş nazirin müavini qeyd edib ki, bu dövr ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb, inkişaf templəri və dinamikası ilə dünya miqyasında ən yüksək göstəricilərə nail olub.

“Bu illər ərzində respublika möcüzə sayıla biləcək iqtisadi yüksəlişini qoruyaraq saxlayıb. Nəticədə dövlətin qarşısında duran sosial vəzifələrin uğurla yerinə yetirilməsi üçün çox etibarlı bir baza yaradılıb. Belə ki, həmin müddətdə Azərbaycanda təqaüdlər, əməkhaqları, dövlət tərəfindən ödənilən müavinətlər 3-4 dəfə artıb. On il ərzində maaşlar və təqaüdlər sahəsində bu qədər artımın təmin edilməsi asan deyil və sadə göstəricilər sayılmamalıdır”.

Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə çoxlu sayda iş yerləri açılıb və həmin müddət ərzində onların sayı 1,5 milyondan artıq olub. Təkcə ötən il respublikada 190 min yeni iş yeri açılıb və bu proses davam edir.

Son 10 ildə yoxsulluq səviyyəsinin aşağı salınması sahəsində Azərbaycan dünya səviyyəsində yüksək göstəriciyə nail olub. Yoxsulluq səviyyəsi 49 faizdən 5 faizədək azalıb. İş yerlərinin açılması, işsizlik səviyyəsinin aşağı salınması sahəsində də xeyli işlər görülüb və hazırda onun səviyyəsi 6 faizdən də aşağıdır. Bunların hər biri böyük, dünya üçün nümunə ola biləcək göstəricilərdir.

Baş nazirin müavini çıxışında Azərbaycanda neft sektorundan sonra ən böyük sərmayənin tikinti sektoruna qoyulduğunu deyib. Belə ki, 2016-cı ildə dövlət tərəfindən ayrılan 15 milyard manatın 11,4 milyardı məhz tikinti sektorunun payına düşüb və bu da hökumətin sözügedən sahənin inkişafına böyük önəm verdiyinin bariz nümunəsidir.

“Azərbaycanda güclü tikinti şirkətləri mövcuddur və onlar həm ölkədə, həm də xaricdə fəaliyyət göstərirlər. Ötən il 1 milyon 670 min kvadratmetr sahədə tikinti işləri aparılıb. Buraya xəstəxanalar, uşaq bağçaları, ticarət obyektləri daxildir”, - deyə Ə.Əhmədov vurğulayıb.

Baş nazirin müavini onu da diqqətə çatdırıb ki, inşaat sektorunun inkişafı əmək bazarına da müsbət təsir göstərir və tikinti sahəsində 343 min nəfər işlə təmin olunub.

Qeyd olunub ki, Azərbaycanın bugünkü dinamik və modern inkişafı, mövcud iqtisadi göstəriciləri, müasir siması ilə qürur duymamaq mümkün deyil. Bu gün ölkəmizdə hər bir insanın rahat yaşaması, əmək fəaliyyəti göstərməsi, mənəvi inkişafı və rifahı üçün bütün şərait yaradılıb. Dövlətin həyata keçirdiyi siyasətdə bundan yüksək məna və məzmun ola bilməz. İnsan dövlət və cəmiyyət üçün ən böyük dəyərdir və bu dəyərin ehtiyaclarının ödənilməsi ona layiqli yaşamaq və işləmək şəraitinin təmin edilməsi dövlətin ali vəzifəsidir və Azərbaycan dövləti bu vəzifəni uğurla həyata keçirir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və bir sıra tikinti şirkətlərinin rəhbərləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.