SİYASƏT


Əli Əhmədov: Referendum Azərbaycanda demokratiyanın inkişafı istiqamətində çox mühüm addımdır

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Bütün xalqımızı təbrik etmək üçün ciddi əsaslarımız var. Ona görə ki, Azərbaycanda növbəti referendumda yüksək seçici fəallığı qeydə alındı. Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiyamızda dəyişikliklər edilməsi ilə əlaqədar keçirilən referendumda vətəndaşlarımızın böyük əksəriyyəti iştirak edib. Mərkəzi Seçki Komissiyası məntəqələrdən və dairələrdən gələn informasiyalar əsasında səsvermənin nəticələri ilə bağlı məlumatları yaxın vaxtlarda elan edəcək. Lakin Yeni Azərbaycan Partiyasının bütün seçki məntəqələrində olan müşahidəçilərinin verdiyi məlumatlara əsaslanıb deyə bilərik ki, vətəndaşlar səsvermədə yüksək fəallıq nümayiş etdirib. Bu ondan xəbər verir ki, seçicilər öz vətəndaşlıq borcuna kifayət qədər məsuliyyətlə yanaşıb və referenduma çıxarılan məsələlərə biganə olmadıqlarını göstəriblər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov sentyabrın 26-da partiyanın qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Əli Əhmədov bildirib ki, referendum ayrı-ayrı ölkələrin həyatında çox tez-tez tətbiq olunan demokratik alətlərdən biridir. Azərbaycanda da artıq üçüncü referendum keçirilir. Bu, Azərbaycan vətəndaşlarının iradəsinin ifadə olunmasının əlavə bir formasıdır.

“Bugünkü referendumu ilk növbədə Prezident İlham Əliyevə ümumxalq etimadının testi kimi qiymətləndirmək istərdim. Belə hesab edirəm ki, vətəndaşlarımızın referenduma diqqətlə yanaşması, səsvermədə fəal iştirak etməsi dövlətimizin başçısına olan böyük inamla bağlıdır. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu test kifayət qədər uğurlu olub. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini səsvermədə yaxından iştirakla bir daha ifadə ediblər. Digər tərəfdən, referendum Azərbaycan Respublikasının Konstitusiyasının müasir dövrə, həyatımızda baş verən irəliləyişlərə uyğunlaşdırılması və yeni tələbələrə cavab verən formaya salınması baxımından əhəmiyyət kəsb edir. Bu dəyişikliklər əsasən insanların hüquq və azadlıqlarının daha yaxşı təminatının yaradılmasına yönəlib. Eyni zamanda, Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi, idarəçilik mexanizminin daha çevik formaya salınması ilə əlaqədardır”, - deyə Baş nazirin müavini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, referenduma çıxarılan məsələlər Azərbaycanda Prezidentin təşəbbüsü ilə həyata keçirilən iqtisadi və siyasi islahatların davamı kimi nəzərdən keçirilə bilər. Referendumun nəticəsi olaraq yaranan hüquqi və siyasi baza ölkəmizdə iqtisadi və siyasi islahatların daha cəsarətlə, daha etibarlı şəkildə və qarşıya qoyulan məqsədlərə nail olunmasına hədəflənmiş formada həyata keçirilməsini təmin edəcək.

Referenduma çıxarılan məsələlərin nəinki ölkə daxilində, həm də beynəlxalq aləm tərəfindən dəstəkləndiyini bildirən Baş nazirin müavini deyib ki, səsvermə prosesini izləmək üçün 30-dan çox ölkədən və bir sıra nüfuzlu beynəlxalq təşkilatlardan müşahidəçilər gəlib. Müşahidəçilər yerli və xarici media qurumlarına verdikləri müsahibələrdə ölkəmizdə keçirilən referendumun beynəlxalq standartlara, Seçki Məcəlləsinə tam uyğunluğu haqqında fikirlərini bildiriblər.

Səsvermənin demokratik və şəffaf keçdiyini YAP-ın çoxsaylı müşahidəçilərinin bütün seçki məntəqələrində verdiyi məlumatlar, eyni zamanda, “exit-poll”ların nəticələri təsdiqləyir. Referendumun ölkənin hər yerində kifayət qədər normal şəraitdə keçdiyini diqqətə çatdıran Əli Əhmədov deyib: “Hesab edirəm ki, bugünkü referendum Azərbaycanda demokratiyanın inkişafı sahəsində atılan mühüm addımdır. Bu münasibətlə bütün Azərbaycan xalqını, ilk növbədə referendum təşəbbüsünü irəli sürən Prezident İlham Əliyevi təbirik edirəm”.

Əli Əhmədovun sözlərinə görə YAP referendum təşviqat kampaniyasında fəal iştirak edib. Bu məqsədlə təşviqat qrupu yaradılıb. İki ay müddətində bu qrup geniş və səmərəli iş aparıb. Partiyanın fəallarının bu fədakarlığı kampaniyanın mütəşəkkil şəkildə keçməsinə öz töhfəsini verib.

Referendumda qəbul olunan qərarların Azərbaycanın həyatında yeni bir səhifə açacağını vurğulayan Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi deyib: “Bunda sonra Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi, iqtisadi və sosial islahatların həyata keçirilməsi istiqamətində daha ciddi, daha cəsarətli addımlar atılacaq. Güman edirəm ki, xalqımız bu islahatların uğurlu nəticələrini yaxın zamanlarda görəcək”.

Sonra yerli və xarici jurnalistlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.